Bakı. Ləman Zeynalova, Azad Həsənli - Trend:
Azərbaycan neft hasilatının məhdudlaşdırılması haqqında OPEK+ sazişinin şərtlərini davamlı olaraq ən yüksək səviyyədə icra edən ölkələrdən biridir.
Trend-in məlumatına görə, bunu OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
M.Barkindo qeyd edib ki, Azərbaycan OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr arasında neft hasilatının məhdudlaşdırılması haqqında sazişin əldə olunmasında aparıcı rol oynayıb:
"Biz sizin bir neçə il əvvəl OPEK üzvləri və kartelə daxil olmayan ölkələrin səylərinin birləşdirilməsinin zəruri olduğu barədə görüşlərinizə görə gələcəkdə də minnətdar olacağıq. Mən sizə OPEK ilə əməkdaşlığınıza və hasilatın könüllü şəkildə dəyişdirilməsinə dəstəyinizə və sadiqliyinə görə də minnətdarlığımı bildirmək istərdim".
Baş katib vurğulayıb ki, OPEK Azərbaycanla əməkdaşlığın genişləndirilməsi üçün istənilən imkanlara baxmağa hazırdır.