Bakı. Ləman Zeynalova - Trend:
“BakerHughes, a GE company ” (BHGE) şirkəti 2017-ci ilin iyulunda “GE Oil & Gas” və “Baker Hughes” şirkətlərinin birləşməsi nəticəsində yaranıb.
Bunu Trend-ə özəl müsahibəsində şirkətin Rusiya və Xəzər regionu üzrə neft-mədən xidmətləri vitse-prezidenti Tommi Kassem deyib.
O bildirib ki, şirkət fəaliyyəti neft-qaz kompleksinin bütün seqmentlərini – hasilat və kəşfiyyat, nəqliyyat, neft emalı və neft-kimya sahələrini əhatə edən ilk və yeganə şirkətdir.
Vitse-prezident şirkətin Azərbaycandakı fəaliyyəti barədə danışaraq ölkədə 1990-cı illərin əvvəllərindən işlədiyini deyib:
“Biz “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və TANAP da daxil olmaqla Xəzər şelfində və quruda bir sıra çətin layihələrdə geoloji kəşfiyyat, qazma, hasilat, nəqliyyat, karbohidrogenlərin mayeləşdirilməsi, sıxılması, emalı və saxlanması üçün neft-qaz avadanlıqlarının və xidmətlərinin tədarükçüsüyük. BHGE SOCAR, BP, “Total”, “Equinor” və “Caspian Drilling Company”nin etibarlı tərəfdaşıdır. Bu gün BHGE-nin Azərbaycandakı əməkdaşlarının sayı 300 nəfərdən artıqdır, onların 90 faizdən çoxu isə yerli kadrlardır”.
T.Kassem bildirib ki, şirkət SOCAR-la kəşfiyyat və hasilat seqmentində əməkdaşlıq edir:
“Biz SOCAR-la mədən əməliyyatlarında, şelfdə və quruda buruqların tikintisində birgə işləyirik. Şirkətimiz bir sıra perspektivli istiqamət üzrə əməkdaşlığın gələcək inkişafını nəzərdə keçirir. Nümunə olaraq mexanikləşdirilmiş hasilatı və produktiv təbəqələrin tədqiqini göstərə bilərik”.