...

Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib

Energetika Materials 16 May 2021 17:23 (UTC +04:00)
Qarabağda enerji infrastrukturunun formalaşdırılması əsas vəzifə kimi müəyyənləşdirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə müasir elektrik enerjisi infrastrukturunun formalaşdırılması öz aktuallığına görə birinci dərəcəli vəzifə olaraq müəyyənləşdirilib.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, uzun illər torpaqlarımız işğal altında olduğundan erməni vandalları digər sosial-iqtisadi infrastrukturlar kimi eletrik enerjisi təsərrüfatını da məhv edib:

“Cənab Prezidentin tapşırığı ilə azad olunmuş ərazilərdə bərpa olunan enerji layihələri icra edilir, su elektrik stansiyaları yenidən qurulur və ümumilikdə elektrik enerji infrastrukturuna yeni həyat verilir. Qısa bir zamanda, yəni 73 gündə Şükürbəyli yarımstansiyasından Şuşaya 110 kilovoltluq 75 kilometrlik yeni yüksək gərginlikli xəttin çəkilməsini, Şuşada müasir yarımstansiyanın istifadəyə verilməsini belə böyük həcmli layihələrin icra müddətlərinə görə tarixi rekord saymaq olar.

Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Qubadlı, Ağdamda, ümumilikdə 9 yarımstansiya və onları əlaqələndirən 11 kilovoltluq yüksək gərginlikli ötürmə xətlərin tikintisinin davam etdirilməsi işğaldan azad olunmuş ərazilərdə gedən quruculuq-bərpa işlərinə xüsusi rəng qatıb. Qısa bir zamanda elektrik, yol infrastrukturunun yenidən qurulmasında əldə olunmuş uğurlar, o cümlədən bünövrəsi qoyulmuş beynəlxalq hava limanları, dəmir yolu xətlərinin yenidən qurulması, ağıllı kənd layihələrin icrasına başlanması həm də ölkəmizin iqtisadi gücünü göstərir”.

Deputat vurğulayıb ki, müharibə aparan ölkələrin müharibədə itirilmiş iqtisadi potensialını bərpa etmək üçün müəyyən zamana ehtiyacı yaranır: “Prezident İlham Əliyevin müəyyənləşdirdiyi iqtisadi-siyasi kurs sayəsində ölkəmizdə ehtiyat maliyyə resurslarının formalaşması bütün layihələrin zamanında icra edilməsinə imkan verib. Ona görə də bu gün dövlətimiz müəyyən maliyyə çətinliyi yaşamadan həm pandemiyaya qarşı uğurlu müabrizəni davam etdirir, həm də işğaldan azad olunmuş ərazilərimizin kompleks yenidən qurulması və bərpası layihələrini icra edir. O cümlədən digər rayonlarda da nəzədə tutulmuş proqramların icrası davam etdirilir, ordunun müharibədə sərf etdiyi silah arsenalı yenilənib və genişmiqyaslı hərbi təlimlər aparılır. Düşünürəm ki, işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin sürətlə aparılması qısa bir zamanda böyük qayıdışın başlanmasına imkan verəcək”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti