...

OPEC+ neft hasilatının artırılmasını dayandırmamalıdır - Fransalı ekspert

Energetika Materials 1 Sentyabr 2021 18:41 (UTC +04:00)
OPEC+ neft hasilatının artırılmasını dayandırmamalıdır - Fransalı ekspert

Bakı. Ləman Zeynalova - Trend:

OPEC+ neft hasilatının artırılmasını dayandırmamalıdır.

Bunu Trend-ə Fransanın Beynəlxalq və Strateji Münasibətlər İnstitutunun baş elmi işçisi Fransis Perren deyib.

O bildirib ki, OPEC+ iyulun 18-də nazirlərin sonuncu görüşü zamanı qəbul edilmiş qərarlara əməl etməlidir: "Beləliklə, hasilatçı ölkələr neft hasilatını hər ay 400 min barel/sutka artırmağa davam edəcək. Bu qərar hər ay nəzərdən keçiriləcək ki, bu da sürətlə dəyişən və qeyri-müəyyən dünyada məntiqli addımdır. Amma hələlik OPEC+un hərəkət istiqamətini dəyişmək tezdir. Əlbəttə, COVID-19-un "Delta" variantı ilə və onun dünya iqtisadiyyatına təsiri ilə bağlı problemlər var. Neft hasil edən ölkələr bu vəziyyəti diqqətlə izləməlidir. Hələlik dünya iqtisadi artımı çox güclü səviyyədədir, neft qiymətləri uyğun səviyyədədir, "İda" tropik qasırğası ilə əlaqədar Meksika körfəzində neft hasilatı kəskin azalıb və indi qasırğanın ABŞ-da neft hasilatına və neft emalı zavodlarına təsirini qiymətləndirmək üçün vaxt lazım olacaq".

Ekspert xatırladıb ki, bir müddət əvvəl ABŞ prezidentinin müşaviri Ceyk Sallivan OPEC+un dünya iqtisadiyyatı üçün kritik məqamda kifayət qədər addım atmadığını deyib: "Bayden administrasiyasının fikrincə, OPEC+ daha çox iş görməlidir. "İda" qasırğasından sonrakı təzyiqi nəzərə alsaq, OPEC+un bu kontekstdə neft hasilatını azaltması məqsədəuyğun olmaz. Bu, o demək deyil ki, OPEC+ Ağ Evin tələbi ilə dərhal gözlənildiyindən daha çox neft hasil etməlidir. Amma iqtisadi və siyasi baxımdan 18 iyul sazişin bu məqamda təsdiq olunmalıdır".

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti