...

Enerji itkilərinin azaldılması əsas hədəflərimizdəndir - Pərviz Şahbazov

Energetika Materials 2 Dekabr 2021 14:23 (UTC +04:00)
Enerji itkilərinin azaldılması əsas hədəflərimizdəndir - Pərviz Şahbazov

Bakı. Trend:

Enerji ötürücü və paylayıcı sistemlərdə itkilərin isə müvafiq olaraq 2% və 8%-dək azaldılması əsas hədəflərimizdəndir.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov deyib.

Energetika naziri enerji səmərəliliyinin karbon emissiyalarını azaltmaq üçün ən sürətli və rentabelli həlləri özündə birləşdirdiyini, enerji ehtiyaclarını ödəmək üçün ən təmiz və əksər hallarda ən ucuz yolu təmsil etdiyini vurğulayıb: “Ən yaxşı enerji qənaət edilmiş enerjidir. Enerji səmərəliliyində irəliləyişlər ekoloji, iqtisadi və sosial faydalarla nəticələnir ki, bu da hər bir ölkənin bu prosesə cəlbi üçün əsas faktorlardır. Bu il qəbul olunan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun ölkəmizdə səmərəliliyin energetika sektoru daxil olmaqla iqtisadiyyatın müxtəlif istiqamətlərinə və ev təsərrüfatlarına müsbət təsirinə yol açacaqdır. Qarşıdakı illərdə enerji təchizatı və enerji istehlakı sahələrində enerjiyə yüksək səviyyədə qənaət edilməsi, ötürücü və paylayıcı sistemlərdə itkilərin isə müvafiq olaraq 2% və 8%-dək azaldılması əsas hədəflərimizdəndir. Biz gələcəyimizi “təmiz ətraf mühit”ə malik “yaşıl artım” ölkəsinə çevrilməkdə görürük.”

Qeyd edilib ki, enerji səmərəliliyi ilə bağlı prosesin sürəti siyasi dəstəklə bərabər maliyyələşmə ilə bağlıdır. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2050-ci ilə qədər “xalis sıfır emissiya”ya nail olmaq üçün dünyada enerji səmərəliliyinə ümumi illik investisiya 2030-cu ilə qədər üç dəfə artırılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti