Bakı. Trend:
Qaradağ günəş elektrik stansiyasının bu il istismara veriləcəyi gözlənilir.
Trend-in məlumatına görə, bu barədə “Masdar" şirkətinin (BƏƏ) Mərkəzi Asiya və Rusiya üzrə İnkişaf və investisiya departamentinin rəhbəri Məryəm Rəşid Əl Məzrui "Emirates News Agency"yə (WAM) deyib.
230 meqavat gücə malik elektrik stansiyasının 110 000-dən çox evin tələbatını qarşılamaq üçün 0,5 milyard kVt/saat elektrik enerjisi istehsal etdiyini deyən departament rəhbəri layihə sayəsində karbon qazı tullantılarını ildə 200 000 tondan çox azaltmağın mümkün olacağını bildirib.
Onun sözlərinə görə, Qaradağ günəş elektrik stansiyası yerli əhalini yeni iş yerləri ilə təmin edəcək.
"Əbu-Dabi İnkişaf Fondu layihəni maliyyələşdirən təşkilatlar sırasına daxildir. BƏƏ və Masdar birbaşa xarici investisiyaları təşviq etməyə və Azərbaycanın "təmiz enerji", dayanıqlı inkişaf və karbon qazı tullantılarının azaldılması sahəsindəki səylərini dəstəkləməyə çalışırlar", - Əl Məzrui deyib.
Qeyd edək ki, Masdar şirkəti Azərbaycanda alternativ enerji sahəsində böyük layihələrin həyata keçirilməsində aktiv iştirak edir.
2023-cü il yanvarın 15-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb.
Twitter: @Lyaman_Zeyn