Bakı. Trend:
TotalEnergies 2023-cü ildə Abşeron yatağında hasilata başlamağı planlaşdırır.
Trend -in məlumatına görə, bunu bu gün "TotalEnergies"in Azərbaycan üzrə idarəedici regional direktoru Regis Aqut Bakı Enerji Həftəsi zamanı deyib.
Onun sözlərinə görə, şirkət “yaşıl” texnologiyalardan istifadə etməklə və minimum karbon emissiyası ilə mədən proseslərini həyata keçirməyi planlaşdırır.
"Bütün bunlar bizə neft hasilatının davamlılığına və təhlükəsizliyinə nail olmağa imkan verəcək. Biz baş ofisimizdə "Smart Home Data Center" işləyib hazırlamışıq, burada qazma prosesini və səmərəliliyini izləyirik. Bu məlumat mərkəzi bizə dünyada olan bütün TotalEnergies yataqlarını izləməyə imkan verir," - dedi.
Qeyd edək ki, ötən gün "TotalEnergies"in birinci vitse-prezidenti Jan-Lük Gizü Bakı Enerji Həftəsi zamanı bildirib ki, TotalEnergies şirkəti Abşeron qaz-kondensat yatağından böyük həcmdə təbii qaz hasil etmək potensialını görür.
Xatırladaq ki, 2016-cı il noyabrın 21-də SOCAR və “TotalEnergies” şirkəti arasında “Abşeron” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsinin əsas müqavilə və kommersiya şərtlərinin müəyyən edilməsi haqqında saziş imzalanıb.
“Abşeron” dəniz blokunda kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında saziş 2009-cu il fevralın 27-də imzalanıb.
Müqavilənin müddəti 30 ildir. Müqavilə sahəsi 747 kvadrat kilometrdir. “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 100 km cənub-şərqdə, təxminən 500 metr dərinlikdə yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat səviyyəsində qiymətləndirilir.