Bakı. Trend:
Norveçin "Equinor" şirkəti öz beynəlxalq neft-qaz biznesini yenidən qurur və Azərbaycanda aktivlərin satışı şirkətin öz beynəlxalq portfelində fokuslanma strategiyasına cavab verir.
Trend xəbər verir ki, bunu "Equinor"un beynəlxalq kəşfiyyat və hasilat üzrə vitse-prezidenti Filip Matyö deyib.
"Equinor" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Azəri-Çıraq-Günəşli" (AÇG), "Qarabağ" yataqları, həmçinin, Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsi üzrə "Equinor" şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb.
Qeyd edək ki, iştirak paylarının alqı satqısına qədər "Equinor" AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, "Qarabağ" yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.
"Azərbaycan son 30 il ərzində "Equinor"un beynəlxalq portfelinin mühüm hissəsini təşkil edib. SOCAR aktivlərin uzunmüddətli perspektivdə dəyərinin artırılması üçün yaxşı imkanlara malikdir. Biz uzun illər ərzindəki sıx əməkdaşlığı yüksək qiymətləndiririk", - Matyö deyib.
Qeyd edək ki, şirkət Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir.
(Tərcümə: Rəna Əbdürəhmanova)