Bakı. Trend:
"Cənub Qaz Dəhlizi" QSC-nin xərcləri bu il tamamilə layihələrdən gələn gəlirlər hesabına qarşılanacaq.
Trend bu barədə "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinə istinadən xəbər verir.
"Cənub Qaz Dəhlizinin bütün layihələri artıq istismara verildiyindən, 2024-cü ildə QSC-nin pul vəsaitlərinə ümumi ehtiyacları "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrindən gələn gəlirlər, eləcə də yığılmış pul vəsaitləri hesabına qarşılanacaq", - reytinq agentliyinin ekspertləri qeyd edirlər.
Qeyd olunur ki, 2023-cü ilin sonuna QSC-nin maliyyələşdirilməsi maliyyələşdirilməsi borc (6,4 milyard ABŞ dolları) və dövlət tərəfindən yatırılan kapitalın (2,4 mişyard ABŞ dolları) kombinasiyasından ibarət olub.
"QSC 2020-2023-cü illərdə yeni borc götürməyib, bununla belə, 2023-cü ilin sonuna şirkətin ümumi borcunun təqribən 72 faizini Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) xeyrinə buraxılan istiqrazlar və avroistiqrazlar təşkil edib", - agentlikdən bildiriblər.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi" QSC 2014-cü ildə yaradılıb. Şirkətin səhmlərinin 51 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə, 49 faizi isə Dövlət Neft Şirkətinə (SOCAR, BB+/müsbət) məxsusdur.
(Tərcümə: Rəna Əbdürəhmanova)