...

Moldova Azərbaycan ilə enerji sektorunda uzunmüddətli əlaqələr qurmaq istəyir - Nazir (Özəl müsahibə)

Energetika Materials 5 Mart 2024 08:00 (UTC +04:00)
Moldova Azərbaycan ilə enerji sektorunda uzunmüddətli əlaqələr qurmaq istəyir - Nazir (Özəl müsahibə)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova Azərbaycan ilə enerji sektorunda uzunmüddətli əlaqələr qurmaq istəyir.

Bunu Moldovanın energetika naziri Viktor Parlikov martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının 10-cu iclasının yekunları üzrə Trend-ə özəl müsahibəsində deyib.

“Çox yaxşı haldır ki, bu görüş çərçivəsində yaşıl enerji ilə bağlı müzakirələr aparılıb. Azərbaycanla biz transaksiya xarakterli əlaqələrdən daha uzunmüddətli əlaqələrə keçmək istəyirik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gübrə istehsalı sahəsində təcrübəsi var, gübrələrin ən böyük bazarlarından biri Rumıniya və Bolqarıstan bazarlarıdır və gübrələrin bu bazarlara daha yaxın yerdə istehsalı məqsədəuyğun olardı. Moldova böyük Ukrayna bazarının yanında yerləşir. Təbii ki, Ukraynanın özü son vaxtlara qədər külli miqdarda gübrə istehsal edirdi, lakin müharibə səbəbindən bu istehsalın nə qədər davam edəcəyi və nə qədər dəstəklənə biləcəyi bəlli deyil. Biz SOCAR və ya onun tərəfdaşlarının Moldovada gübrə istehsalına başlamasında maraqlıyıq. Moldova kənd təsərrüfatı ölkəsi olaraq bu məhsullardan özü istifadə edir və Aİ ölkələrinə və Ukraynaya asanlıqla ixrac oluna biləcəyi yaxşı logistika mərkəzidir”, - deyə o bildirib.

Parlikovun sözlərinə görə, əgər SOCAR Moldovada qazpaylayıcı infrastrukturuna investisiya qoymaqda maraqlıdırsa, təbii ki, bu variant da istisna edilmir.

“Biz Azərbaycan ilə daha uzunmüddətli münasibətlərə ümid edirik. SOCAR-ın, eləcə də energetika və iqtisadiyyat nazirliklərinin nümayəndələri ilə görüşdə biz Moldovada elektrik enerjisi istehsalına sərmayə yatırılması imkanlarını müzakirə etdik”, - deyə nazir əlavə edib.

O qeyd edib ki, Moldova Azərbaycandan uzunmüddətli investisiyalarda maraqlıdır.

“Moldovada indiyədək belə layihələrin niyə həyata keçirilmədiyinə aydınlıq gətirmək lazımdır. Bu, bizim 100% bir təchizatçıdan, qiymətlərimizin isə Rusiya ilə siyasi münasibətlərdən asılı olması ilə bağlı idi. Kommersiya əsaslı heç bir əsas oyunçu enerji təchizatının təhlükəsizliyini təmin edə bilməyən ölkəyə pul yatırmaz. Yalnız indi, tədarükləri şaxələndirə və enerji təhlükəsizliyini təmin edə bildiyimiz zaman bu tipli layihələrdən danışmaq aktuallaşır”, - deyə Parlikov izah edib.

"Yaşıl gündəm"

Parlikovun sözlərinə görə, Azərbaycan göstərdi ki, ölkənin ənənəvi enerji resursları ilə zəngin olmasına baxmayaraq, burada “yaşıl gündəm" də aktualdır.

“Azərbaycandan Avropaya yaşıl enerjinin çatdırılması üçün Qara dənizin dibi ilə kabel çəkilişi layihəsi, eləcə də bərpa olunan enerjinin istehsalı üzrə ölkə daxilində həyata keçirilən layihələr Avropa ilə Xəzər regionu arasında yeni enerji əlaqələrinin yaradılmasına imkan yaradır. Coğrafi baxımdan Moldovanın belə bir layihədə iştirak etməsi çətin olardı. Bu layihə bizə dolayısı ilə Rumıniya bazarı vasitəsilə təsir edəcək. 5-6 ildən sonra Moldova Avropa enerji bazarının tam hüquqlu hissəsinə çevriləcək. Biz əslində Rumıniya ilə bir bazar olacağıq. Müvafiq olaraq, bu kabel Rumıniya bazarına çatarsa, Moldovada istehlakçılar da eyni enerjini ala biləcəklər. Bu mənada bu kabelin Moldovadan keçməsi o qədər də vacib deyil, amma biz tədricən Aİ bazarına inteqrasiya etdiyimiz üçün hər halda bu layihə ilə çox maraqlanırıq və onu dəstəkləyəcəyik”, - deyə nazir bildirib.

Parlikov qeyd edib ki, Moldovanın enerji sistemi Azərbaycandan kiçikdir və müvafiq olaraq layihələrin miqyası da xeyli kiçikdir.

“Eyni zamanda, investisiyaları cəlb etdiyimiz mexanizmlər oxşardır və biz Azərbaycanla təcrübə mübadiləsində kifayət qədər maraqlıyıq. Biz təxminən 60 meqavat günəş enerjisi, 100 meqavatdan bir qədər çox külək enerjisi üzrə hərraclar keçiririk. Bu hərracların modeli ondan ibarətdir ki, istehlakçıya ən yaxşı qiymət təklif edən şirkət bu enerjini dövlət şirkəti vasitəsilə Moldovada istehlakçılara təklif etdikləri qiymətə 15 il ərzində sata biləcək. Bu, müəyyən gəlirlərə zəmanət verdiyimiz mexanizmdir, lakin biz həm də istehlakçılara ən yaxşı qiymət təklif etməyə çalışırıq. Moldova bazarı kiçikdir. Vahid təchizatçıdan asılılıqdan qurtulmaq bizim üçün vacib idi. İndi biz kommersiya şərtləri ilə qaz almağa hazırıq”, - deyə o əlavə edib.

Cənub Qaz Dəhlizinin gələcəyi haqqında

“Cənub Qaz Dəhlizinin yaradılması ideyası yarananda heç kim ağlına belə gətirmirdi ki, bu layihə qısa müddətdə həyata keçirilə bilər və bu, Avropaya qaz tədarükünün təhlükəsizliyini təmin edəcək belə mühüm marşruta çevriləcək. Ukraynada müharibə başlayandan sonra bu dəhliz son dərəcə vacib arteriyaya çevrildi. Enerji və qaz təchizatı ilə bağlı geosiyasət dəyişdi. Cənub Qaz Dəhlizi Balkanlarda son illərdə tikilmiş infrastrukturla birlikdə Avropaya, o cümlədən Moldovaya öz təchizatı mənbələrini çox sürətlə diversifikasiya etməyə kömək etdi”, - deyə Moldovanın energetika naziri bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi və Şaquli Qaz Dəhlizi olmasaydı, Moldovanın “Qazprom”dan 100% asılılığından, demək olar ki, “sıfır asılılıq” məqsədinə bu qədər sürətlə çatmaq mümkün deyildi.

“Dnestryanı bölgə hələ də “Qaprom”dan qaz alır. Ölkənin qalan hissəsi Avropa bazarına qazı müxtəlif təchizatçılardan idxal etməklə öz tələbatını tam ödəyir. Keçən il biz sübut etdik ki, biz Avropa bazarında qazı “Qazprom”la müqavilədəki şərtlərdən daha ucuz ala bilərik. Cənub Qaz Dəhlizi başa çatdırılmış layihədir və artıq Avropanın enerji təchizatının təhlükəsizliyinə öz töhfəsini verib. Xəzər regionunun digər ölkələri də bu dəhlizə qoşula bilər. Bu addım dəhlizin sərhədlərini genişləndirəcək və Avropanı Mərkəzi Asiya ilə daha da yaxşı birləşdirəcək. Bütün Xəzər regionu təkcə mədən yanacaqları deyil, həm də yaşıl enerji mənbəyidir”, - deyə nazir bildirib.

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti