Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Braziliyanın G20-yə sədrliyi çərçivəsində Foz do İquaçu şəhərində keçirilən “Təmiz Enerji və İnnovasiyalar üzrə Nazirlər” iclasında çıxış edib.
Energetika Nazirliyindən Trend-ə bildirilib ki, Braziliyanın G20 və COP platformaları vasitəsilə təmiz enerjiyə sürətli keçidi təşviq edən mühüm bir missiya yerinə yetirdiyini vurğulayan nazir COP29-a ev sahibliyi edəcək Azərbaycanın ədalət və bərabərliyə əsaslanan, bütün ölkələrin faydalana biləcəyi enerji keçidinə nail olmaq məqsədi və bu xüsusda təşəbbüslərindən bəhs edib. Bunun üçün Azərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, müxtəlif tərəflər arasında körpü olmaqla həmrəylik əsasında balanslaşdırılmış nəticə əldə etməyə, iqlim maliyyəsini artırmağa, enerji keçidi qarşısında maneələri aradan qaldıran yeni təşəbbüs və öhdəliklərin qəbuluna çalışdığı qeyd olunub. Bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu COP29-un “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Vədi” zəngin bərpa olunan enerji resursları olan bölgələrdə sıfır emissiyalı “yaşıl enerji məkan”larının, eləcə də xərclərin azalmasına yol açan uzun məsafələrdə enerji təchizatı üzrə tələb və təklif mərkəzləri arasında müxtəlif ötürücü infrastrukturlarının yaradılması üzrə fəaliyyətimizdən irəli gəlir.
Ölkəmizin elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjini 2 dəfədən çox artıraraq 33%-ə çatdıran 2 QVt-lıq stansiyaların enerji sisteminə inteqrasiyası və 2030-cu ilədək 5 QVt güclərin ixraca yönəldilməsi ilə bağlı yaşıl kursumuzun “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsünü formalaşdırdığı da diqqətə çatdırılıb. “Enerji keçidinin “onurğa sütunu” olacaq şəbəkə infrastrukturunun inkişafı üçün qlobal enerjinin saxlanılması potensialını altı dəfə artıraraq 2030-cu ilə qədər 1 500 qiqavata çatdırmağı, 2040-cı ilə kimi ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsini və ya təkmilləşdirilməsini təklif edirik. Daha bir təşəbbüsümüz isə transformativ inkişaf və enerji təchizatçısı gündəliyimizin əsas komponentlərindən olan hidrogenlə bağlıdır. Azərbaycan “yaşıl enerji” ölkəsinə transformasiyada qətiyyətlidir və qlobal enerji keçidini irəli aparmaq əzmindədir,”-deyə nazir əlavə edib.