Bakı.Trend
Azərbaycanın ən iri qaz-kondensat yatağı olan “Şahdəniz” yatağında yerləşən “Alpha” platformasından ixrac əməliyyatları normal rejimdə bərpa olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq bp Azerbaijan məlumat verib.
““Şahdənizin” Upstream hissəsinə gəlincə, "Alpha" platformasından normal səviyyədə hasilat və ixrac əməliyyatlarına qayıtmışıq”, - şirkətdən bildirilib.
Xatırladaq ki, yanvarın 7-də “Shah Deniz Alpha” (SDA)
platforması və Sanqaçal terminalını birləşdirən kondensat ixracı
(sualtı) xəttində texniki nasazlıq aşkarlanmışdı.
Bununla əlaqədar SDA platformasında istehsal və ixrac prosesi
müvəqqəti saxlanılmış, platforma özü isə təhlükəsiz şəkildə işini
dayandırmışdı.
18 yanvar axşam saatlarından etibarən sualtı boru xətti ilə bağlı yaranmış texniki problem tam şəkildə aradan qaldırılıb.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağı – dünyanın ən iri qaz-kondensat yataqlarından hesab olunur.
Adıçəkilən yataqdan 2006-cı ilin dekabrından bəri qaz-kondensat hasil edilir və 2007-ci ildən etibarən Türkiyə və Gürcüstana, 2020-ci ilin dekabr ayından isə Avropaya ixrac olunur.
“Şahdənizin” ümumi qaz ehtiyatları 1.2 trilyon kubmetr olaraq qiymətləndirilir.