Bakı. Trend:
İran və Azərbaycan arasında enerji sahəsində birgə işçi qrupu yaradılacaq.
Trend-in məlumatına görə, bunu İranın neft naziri Möhsün Paknejad 21 yanvarda Tehranda Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib.
Onun sözlərinə görə, birgə işçi qrupunun yaradılması ilə iki ölkənin əməkdaşlığı texniki səviyyədə araşdırlacaq və diqqət mərkəzində saxlanılacaq.
İranlı nazir qeyd edib ki, İranın xarici siyasətində qonşu ölkələr prioritet təşkil edir və bu arada Azərbaycanın mövqeyi özünəməxsusdur. İki ölkə arasında iclasların təşkil olunması müxtəlif sahələrdə münasibətlərin yüksəldilməsində effektivdir.
Görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev də qarşılıqlı səfərlərin xüsusi əhəmiyyət kəsb etdiyi və iki ölkənin potensialı və infrastrukturları ilə qarşılıqlı şəkildə tanışlıqla nəticələndiyini deyib.
Qeyd edək ki, Tehranda İran və Azərbaycanın Birgə İqtisadi Komissiyasının 2 günlük 16-cı iclası 21 yanvarda başlayıb.