Bakı. Trend:
Ətraf mühitin çirklənməsindən yaranan xəstəliklər uşaqlar və yaşlılar üçün çox təhlükəlidir.
Trend xəbər verir ki, bu sözləri bu gün TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası zamanı çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin, TÜRKPA-nın Ətraf mühit və Təbii Ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, akademik Əhliman Əmiraslanov deyib.
O bildirib ki, bu gün səhiyyə sistemi ənənəvi problemlərlə yanaşı iqlim dəyişikliyi ilə bağlı yaranan problemlərdən də əziyyət çəkir.
"Karbon dioksidin azaldılması, yaşıl texnologiyaların inkişafı bu yolda görülən əsas işlərdəndi. Digər ölkələr kimi Azərbaycan da iqlim dəyişmələrinin yaratdığı fəsadların aradan qaldırılmasında xüsusi işlər görür.
Vətəndaşlarımızın sağlamlığı üçün bu məsələlərə ciddi yanaşmalıyıq", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasına (TÜRKPA) üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclası keçirilir.