Bakı. Trend:
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu (ZGTTZ) və “Bibiheybət” Gəmi Təmiri Zavodunda (BGTZ) 2024-cü il ərzində ümumilikdə 1088 gəmi təmiri üzrə iş icra olunub.
Trend bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bildirilib ki, təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla 899-u ZGTTZ-nin, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u BGTZ-nin payına düşüb.
2024-cü ildə təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub.
Ümumilikdə son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4707 gəmi təmiri işi yerinə yetirilib. Bu dövrdə təmir edilən gəmilərdən 195-i kənar təşkilatlara məxsus olub.
Gəmilərin təmiri müvafiq registr təşkilatlarının və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq həyata keçirilir. Təmir zamanı gəmilərin gövdələri təmizlənir, əsas və köməkçi mühərrikləri müasir, daha az tullantılı, ətraf mühitə daha az təsirə malik olan mühərriklərlə əvəzlənir. Belə ki, 2018-2023-cü illər ərzində 558 gəminin gövdəsi təmizlənib, 105 ədəd köməkçi, 16 ədəd əsas mühərrik alınaraq gəmilərə quraşdırılıb.
Qeyd edək ki, hər iki zavodda təmir işlərinin keyfiyyətinin yüksəldilməsi və təmir prosesinin sürətinin artırılması məqsədilə infrastruktur davamlı müasir tələblər səviyyəsində təkmilləşdirilir və inkişaf etdirilir. Gəmi təmiri prosesinin effektivliyinin və səmərəliliyinin artırılması istiqamətində də davamlı optimallaşdırılma işləri aparılır. Ötən müddətdə gəmilərin təmir prosesinə elektron nəzarətin həyata keçirilməsi, gəmi təmiri üçün tələb olunan ehtiyat hissələri və mal-materialın planlaşdırılması, işlərin gəmi təmiri prosesinin hər bir addımında təsdiqlənmiş plana əsasən vaxtında və büdcə daxilində həyata keçirilməsinə nəzarəti gücləndirmək məqsədilə “Gəmi təmirinin izlənilməsi” sistemi tətbiq edilib. Optimallaşdırılma işləri çərçivəsində SAP ERP sisteminin PM – gəmi təmiri və texniki xidmətin planlaşdırılması modulu müvəffəqiyyətlə istifadəyə verilib.
ASCO bütün əməliyyat və proseslərdə olduğu kimi, gəmi təmiri sahəsində də ətraf-mühitin qorunması, enerji səmərəliliyinin artırılması məsələlərini daim diqqətdə saxlayır, bu istiqamətdə dünyada mövcud olan innovativ yenilikləri araşdıraraq tətbiq edir. Ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində atılan addımların davamı kimi ötən il ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun istehsalat sexlərinin birinin damında 512 kv.m ərazidə hər biri 690 Vt olmaqla,162 ədəd günəş paneli quraşdırılıb.
Onu da əlavə edək ki, ASCO-nun həm “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, həm də “Bibiheybət” Gəmi Təmiri Zavodu geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Bundan başqa, 2017-ci ildən ZGTTZ müvafiq sertifikatlaşma keçməklə, gəmi tikintisi xidmətləri də təqdim etməyə başlayıb və bu çərçivədə ötən dövrdə burada 5 ədəd kiçik su tutumlu yedək gəmisi - “ASCO 1”, “Tərtərçay”, "Həkəriçay", “Bərgüşadçay” və “Azıx” gəmisi tikilərək təhvil verilib. 2025-ci ildə bu seriyadan olan daha bir ədəd gəminin təhvili planlaşdırılır.