Bakı. Trend:
Ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. Potensial olaraq inflyasiya təzyiqləri yarada biləcək qlobal risklərə mövcud geosiyasi gərginlik fonunda beynəlxalq əmtəə bazarlarında qiymətlərin mümkün dəyişkənliyi aiddir.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, inflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir: "Məcmu tələbin izafi artımı büdcə xərclərinin və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə baş verə bilər. Qiymətləndirməyə görə dövlət büdcəsi xərclərinin və istehlak kreditlərinin inflyasiyaya toplam artırıcı təsirinin 2025-ci ildə 1 faiz bəndindən az olacağı gözlənilir. Bu səbəbdən, mövcud monetar şəraitin qalacağı halda qeyd olunan tələb amillərinə görə inflyasiyanın hədəf diapazonundan yayınması ehtimal olunmur".
"Ümumilikdə, mövcud monetar siyasət inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib. Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozlaşdırılır. Belə ki, 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.5%, 2026-cı ildə 3.8% ətrafında olacağı gözlənilir", - deyə məlumatda vurğulanb.