Bakı. Trend:
“S&P Global Ratings”in əsas ssenarisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) karbohidrogen hasilatının tədricən azalması nəzərdə tutulur ki, bu da neft və qaz hasilatı ilə bağlı “Upstream” seqmentinə əlavə investisiyalar yatırılmasını tələb edə bilər.
Trend xəbər verir ki, qiymətləndirmələrə əsasən, SOCAR-ın 2024-cü ildə öz aktivlərindən hasil etdiyi neftin həcmi 7,5 milyon ton, təbii qazın həcmi isə 7,7 milyard kubmetr təşkil edib.
Bundan əlavə, şirkət bir sıra iri beynəlxalq layihələrdə minoritar səhm paketlərinə sahibdir və onların arasında əsas olanlar “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarıdır.
Agentlik bildirir ki, SOCAR-ın resurs bazası əhəmiyyətli olaraq qalır, lakin hasilat həcmləri mövcud istehsal profili çərçivəsində tədricən azalmağa davam edəcək. Bu, AÇG yatağında hasilatın artıq pik nöqtəsini keçməsi və “Şahdəniz” layihəsində son dövrlərdə müəyyən istehsal azalmasının müşahidə olunması ilə bağlıdır.
“Upstream” seqmentinin SOCAR-ın əsas əməliyyat fəaliyyətinin nüvəsini təşkil etdiyi və şirkətin EBITDA göstəricisinin başlıca mənbəyi olduğunu nəzərə alan “S&P” yeni yataqların işlənməsi və ya mövcud layihələrin genişləndirilməsi istiqamətində investisiyaların artacağını gözləyir.
Bu gözlənilən xərcləri əks etdirmək üçün agentlik əsas proqnozuna hər il təqribən 3 milyard manatlıq kapital qoyuluşunu daxil edir ki, bu da son iki ilin investisiya səviyyəsini üstələyir.
“S&P” qeyd edir ki, az qala başa çatdırılmış “Şahdəniz-2” layihəsi və cari ilin əvvəlində imzalanmış “Shah Deniz Compression” layihəsi SOCAR-ın hasilatı artırmaq və istehsal potensialını möhkəmləndirmək üçün “Upstream” seqmentinə davamlı şəkildə sərmayə yatırmaq istiqamətində səylərini nümayiş etdirir.
