Bakı. Trend:
Bu il 80 quyunun qazılması və quyularda 500-dən artıq əməliyyatın aparılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkərkətinin (SOCAR) Hasilat əməliyyatları üzrə idarəsinin (Upstream) qazma işlər üzrə meneceri Fərid Ümüdlü Bakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisində bildirib.
“ÜDM-imizin təxminən üçdə biri neft sənayesinin payına düşür. Bu sistemin mərkəzində isə "SOCAR Upstream" dayanır və burada təxminən 12 min nəfər çalışır”, – deyə o bildirib.
F. Ümüdlü xatırladıb ki, əvvəllər SOCAR daxilində bu fəaliyyəti təmin edən üç ayrı qurum mövcud idi.
"Birincisi, hökumətlə qarşılıqlı əlaqələrə cavabdeh olan və bəzən əməliyyatları dəstəkləyən SOCAR-ın baş ofisi idi. İkincisi, Azərbaycanın daxilindəki aktivlərin əsas operatoru olan ‘Azneft’ istehsalat birliyi. Üçüncüsü isə əsasən beynəlxalq təcrübədən istifadə etməklə ekspert və texniki dəstək göstərən "SOCAR Upstream" idi. Keçən il biz anladıq ki, üç ayrı qurumun paralel fəaliyyəti səmərəli deyil. Buna görə də onların "SOCAR Upstream" vahid brendi altında birləşdirilməsi ilə bağlı strateji qərar qəbul olundu. Nəticədə bütün aktivləri konsolidasiya etdik və vahid təşkilata çevrildik. Bu isə daha güclü struktur deməkdir: vahid qərar qəbuletmə xətti, vahid komanda, vahid baxış. Bu, fəaliyyətimizin səmərəliliyinin və daxili uzlaşmanın artırılması baxımından son dərəcə vacibdir”, – deyə o qeyd edib.
F. Ümüdlü əlavə edib ki, daxili transformasiya başa çatdıqdan sonra xarici dəyişikliklər mərhələsinə keçilib.
“Biz tərəfdaşlıq modelinin tətbiqinə başlamışıq. Əvvəllər SOCAR-ın servis şirkətləri ilə birbaşa müqavilələri yox idi, çünki onlar əsasən podratçı kimi fəaliyyət göstərirdilər. Bu ildən etibarən SOCAR Upstream vasitəsilə müxtəlif servis şirkətləri ilə birbaşa əməkdaşlıq qurmağa başlamışıq. Hazırda həm servis şirkətləri, həm də əsas podratçılarımızla bu cür qarşılıqlı əlaqələrin formalaşdırılması prosesindəyik”, – deyə o əlavə edib.
“
