Bakı. Trend:
2026-cı ildə Azərbaycanda “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar bloku üzrə “Şərqi Azəri” platformasında yeni çoxşaxəli quyunun qazılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən "IADC Drilling Caspian 2026" konfrans və sərgisində bildirib.
“AÇG yatağından neftin maksimal hasilatı üçün laylara mümkün qədər çox giriş nöqtəsinə ehtiyac var. Əgər bu quruda yerləşən yataq olsaydı, resurslardan tam istifadə etmək üçün hər yerdə quyular qazılardı. Dəniz şəraitində isə bu yanaşma mümkün deyil, buna görə də çoxşaxəli quyu texnologiyası tətbiq olunur”, – deyə vitse-prezident qeyd edib.
O bildirib ki, hazırda C44 çoxşaxəli quyusunun qazılması davam edir, 2026-cı ildə isə “Şərqi Azəri” platformasında daha bir belə quyu qazılması nəzərdə tutulur.
“Səmərəliliyin artırılması üçün müxtəlif texnologiyalardan, o cümlədən yan lülənin qazılmasından istifadə olunur. Proqramın əsas xüsusiyyəti ondan ibarətdir ki, mövcud quyular saxlanılmaqla əlavə yan lülələr yaradılır və onlar ilkin quyu ilə birlikdə hasilata verilir. Bu yanaşma mövcud quyuların məhsuldarlığını qorumaqla yanaşı, yatağın resurslarından maksimum istifadə etməyə imkan verir”, – deyə R. Morris vurğulayıb.
Qeyd edək ki, Bakıdan təxminən 100 km şərqdə yerləşən “Azəri–Çıraq–Günəşli” yatağı Azərbaycan sektorunda Xəzər hövzəsinin ən iri neft yatağıdır.
