...

Azərenerji SC Xaçmazda modul elektrik stansiyasının tikinti layihəsinin növbəti mərhələsinin başa çatmasını gözləyir

Energetika Materials 12 İyul 2006 15:57 (UTC +04:00)

Azərenerji SC Xaçmazda modul elektrik stansiyasının tikinti layihəsi - hər iki maşın zalının tikintisi çərçivəsində növbəti mərhələnin başa çatmasını gözləyir. Trend in Azərenerji SC-nin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hazırda işin 90%-i yerinə yetirilib. Meydançanın diqqətlə seçilməsinə və hazırlanmasına, beton tökülməsinə xüsusi diqqət yetirilib.

Layihənin bu mərhələsi mühəndis-inşaatçı Nazim Qarayevin rəhbərlik etdiyi Azərbaycanın ASES şirkətinə həvalə olunub. Astara və Şəki modul stansiyalarının tikintisi zamanı görülən işlər də bu şirkət tərəfindən yerinə yetirib.

Həmçinin maşın zallarının polad karkası tikilib, divarlar panellə üzlənir, dam örtüyü çəkilir. Bundan sonra montajçılar infrastrukturu və kommunikasiyanı çəkməyə, yardımçı avadanlığı quraşdırmağa başlayacaqlar. Beləliklə, tezliklə maşın zalları generatorları qəbul etmək üçün hazır olacaq. Bu generatorlar Bakıya Finlyandiyadan gətiriləcək və proses onların montajı və şəbəkəyə qoşulması ilə bitəcək.

Sonra isə obyekti istismara verməzdən əvvəl lokal sınaq və işə salma-sazlama əməliyyatları keçiriləcək.

Xaçmazda istehsal edilən elektrik enerjisi 110 kilovoltluq yarımstansiya vasitəsilə milli enerji sisteminə ötürüləcək. Layihənin bu hissəsi, həmçinin elektrik stansiyasının və yarımstansiyanın işləməsinin sinxronlaşdırılması, elektrik ötürmələrinin xarici xəttlərinin çəkilişi, qaz borusunun gətirilməsi, soyudulma üçün su sisteminin yaradılması və s. podratçı təşkilat - Livanın Ward şirkətinə həvalə olunub.

110 kV yarımstansiyanın tikilməsi başa çatıb. Yalnız transformatorları quraşdırmaq və sınaq keçirmək lazımdır. Yarımstansiyanın tikilməsində Ward şirkətinin subpodratçıları qismində 2 şirkət - avadanlığı istehsal və tədarük edən transmilli ABB şirkəti və tikinti - montaj işlərini yerinə yetirən Azərbaycanın AZENCO şirkəti çıxış edir.

Hazırda Xaçmaz modul blokunun tikintisinə 300-dən çox adam cəlb olunub, bunların 220-230 nəfəri yerli sakindir.

"Həm elektrik stansiyası, həm də yarımstansiyanın tikintisi üzrə bütün işlər nəzərdə tutulmuş qrafikə əsasən görülür və bu işlər payızda tamamlanmalıdır", - deyə tikintinin rəisi Rüfət Səfərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti