...

Cənubi Qafqaz qaz kəmərinə lazım olan qazın 2/3-i vurulub

Energetika Materials 21 İyul 2006 19:21 (UTC +04:00)

Hazırda Cənubi Qafqaz qaz kəməri Tbilisiyə qədər doldurulub. Tbilisidən Türkiyə sərhədinədək hissədə işlər davam edir. İşlər başa çatdıqdan sonra qaz Türkiyə sərhədinə qədər çatdıralacaq. Trend agentliyinin məlumatına əsasən, BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvord bildirib. Onun sözlərinə görə, hazırda qaz kəmərinə sınaq məqsədilə təxminən 75 mln. kub metr qaz vurulub. Bunun üçün ümumilikdə təxminən 100 mln. kub metr tələb olunur.

Qazın Xəzərin şərq hissəsindən kəmərlə nəqli mümkünlüyünə gəldikdə D.Vudvord qeyd edib ki, hazırda boru kəməri ilə yalnız "Şah-Dəniz" yatağından çıxarılan qaz nəql olunacaq. Lakin gələcəkdə dövlətlər bu marşrutla qaz nəql etmək istəsə, BP və "Şahdəniz" layihəsi üzrə tərəfdaşlar danışıqlar apara bilər.

D.Vudvord qeyd edib ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi 2012-ci ildə mümkündür. Hazırda ARDNŞ ilə daxili ehtiyaclara və xaricə göndəriləcək qazın həcmilə bağlı danışıqlar aparılır. D.Vudvordun dediklərinə görə, Azərbaycan özünü "Şah-Dəniz"dən çıxarılan qazla yalnız layihənin ikinci mərhələsi çərçivəsində təmin edə bilər.

Xəbər lenti

Xəbər lenti