Brüsseldə enerji sektorunda strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorrandum layihəsinin növbəti, ikinci müzakirəsi keçirilib. İqtisadi İnkişaf Nazirliyinin məlumatına istinadən Trend xəbər verir ki, danışıqlar avqustun 28-dən 31-dək davam edib.
Nümayəndə heyətinin tərkibinə iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, energetika, ekologiya və təbii sərvətlər üzrə parlament komissiyasının sədri Valeh Ələsgərov, Prezident Aparatının bölmə müdiri Şahin Əliyev, Azərbaycanın Avropa İttifaqındakı (Aİ) nümayəndəliyinin başçısı Arif Məmmədov daxil olub.
İyul ayında Bakıda keçirilmiş fəaliyyət planının energetika hissəsinin müzakirələri çərçivəsində Avropa komissiyası Azərbaycan Respublikası (AR) ilə memorandumun imzalanmasını nəzərdə tutan yeni maddələrin əlavə olunmasını təklif edib.
Memorandum neft istehsalçıları və tranzit ölkə olan Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişləndirilməsini və tərəflər arasında enerji təhlükəsizliyinin gücləndirilməsini nəzərdə tutur.
Sənəd AR və Aİ-nin energetika bazarlarının yaxınlaşmasını, energetika sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, struktur dəyişikliklərinin aparılmasını, enerji təchizatında təhlükəsizliyin və ölkələrin tranzit sisteminin möhkəmləndirilməsini, enerji qənaəti və texniki əməkdaşlıq üzrə tədbirləri nəzərdə tutur. Memoranduma əsasən, Avropa İnvestisiya Bankının Azərbaycanda fəaliyyətinin genişlənməsi ehtimal olunur.