Bu gün BP Azerbaijan Azərbaycanda neft-qaz layihələri üzrə tərəfdaşları adından Bakının yaxınlığında Səngəçal terminalında Xəzər enerji mərkəzini (XEM) yenidən açıb. Bu barədə Trend xəbər verir.
Mərkəzin açılışı Hyuston Təbiət Elmləri Muzeyi ilə əməkdaşlıqda həyata keçirilmiş geniş proqram, təmir və modernləşdirilmə işləri başa çatdıqdan sonra baş tutub.
Xəzər enerji mərkəzi Azərbaycanda tamamilə enerji sənayesinə və karbohidrogenlərin hasilatını, geoloji kəşfiyyatını və kommersiya baxımından istifadə olunmasını dəstəkləyən elmlərə həsr olunmuş ilk sərgi mərkəzidir.
Hazırda mərkəzdə çoxlu sayda yeni eksponatlar var və onların sayəsində mərkəz elmin yeni nailiyyətlərini nümayiş etdirən dünya səviyyəli mərkəzə çevrilib.
Mərkəz, əsasən, orta məktəblərin istifadəsi üçün bir təhsil ocağı kimi və ölkədəki təbii sərvətlər barədə maarifləndirməyə kömək məqsədilə layihələndirilib.
Bundan başqa, mərkəz yüksək vəzifəli hökumət və dövlət rəsmilərini, "Azəri-Çıraq-Günəşli" (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC), "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələri üzrə tərəfdaş şirkətlərin nümayəndələrini və ümumiyyətlə ictimaiyyətin nümayəndələrini qəbul etməkdə davam edəcək.
2005-ci ilin mayında ilk açılışdan etibarən Mərkəz 6 mindən artıq qonaq qəbul edib.