...

Konstantin Mixaylesku: Azərbaycanın enerji ehtiyatları bizim üçün böyük maraq kəsb edir

Energetika Materials 20 Sentyabr 2006 15:52 (UTC +04:00)

Trend in Moldovanın ekologiya və təbii sərvətlər naziri Konstantin Mixaylesku ilə eksklüziv müsahibəsi

- Azərbaycana hazırkı səfərinzdə məqsədiniz nədən ibarətdir? Əvvəllər Moldova Azərbaycana öz ərazisində kəşfiyyat-axtarış işlərində iştirak etməyi təklif edib. Danışıqlar zamanı hansı perspektivlər nəzərdə tutulub?

- Səfərdə məqsəd Azərbaycan və Moldova arasında ekologiya və təbii sərvətlər sahəsində əməkdaşlığın perspektivlərini öyrənməkdən ibarətdir. Azərbaycana səfər zamanı müzakirə olunan əsas məsələlərdən biri yeni sahədə, yəni faydalı qazıntıların, xüsusilə enerji ehtiyatlarının axtarışı sahəsində əməkdaşlıqla bağlı olub. Hazırda Moldova yolun başlanğıcındadır. Biz azərbaycanlı həmkarlarımızın Moldovada tətbiq etmək istədiyimiz zəngin təcrübəsini ətraflı öyrənirik.

Səfər zamanı mən Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşmüşəm. Biz bu məsələnin müxtəlif aspektlərini, xüsusilə Moldova ərazisində neft-qaz ehtiyatlarının aşkar edilməsi üzrə kəşfiyyat işlərinin aparılması ilə bağlı məsələləri müzakirə etmişik. Azərbaycanlı mütəxəssislər seysmoloji işlərin həyata keçirilməsində, enerji ehtiyatlarının həcminin müəyyən edilməsində, tenderlərin keçirilməsi üçün sənədlərin hazırlanmasında və s. işlərdə bizə kömək etməyə hazır olduqlarını bildiriblər.

- Moldovada enerji ehtiyatlarının ilkin proqnozları necədir?

- Bizim ilkin proqnozlarımız var. Moldova ərazisi geoloji aspektdə öyrənilib. Ancaq yataqların mövcudluğu ilə bağlı kifayət qədər səhih məlumatların olmasına baxmayaraq, məqsədyönlü neft və qaz axtarışı həyata keçirilməyib. Hazırda Moldovanın cənubunda olan yataqlar hələlik iri deyil. Ancaq bu yataqlar var. Biz güman edirik ki, kəşfiyyat işləri səthə yaxın aparılıb və böyük dərinlikdə yerləşən yataqlar öyrənilməlidir. Hesab edirik ki, perspektiv çox böyükdür.

- Moldova Azərbacandan enerji ehtiyatları almağı planlaşdırırmı?

- Yalnız onu deyəcəyəm ki, Azərbaycanın enerji ehtiyatları bizim üçün böyük maraq kəsb edir.

- Hər iki ölkə arasında təbii sərvətlərin mühafizəsi sahəsində əməkdaşlığın hansı perspektivli istiqamətləri qeyd olunub?
- Səfər zamanı mən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüşəm. Hazırda biz təbiəti mühafizə və faydalı qazıntıların axtarışı sahəsində ikitərəfli saziş üzərində işləyirik. Saziş hələlik layihə səviyyəsindədir. Biz əsas bəndləri razılaşdırmışıq və onun yaxın vaxtlarda imzalanacağına ümid edirik. Mən azərbaycanlı həmkarımla bir çox digər məsələləri, xüsusilə iqlimin dəyişməsi prosesini, ekologiyanı mühafizə, ətraf mühitin çirklənməsi üzrə birgə monitorinqlərin keçirilməsi məsələlərini, hər iki dövlətin qoşulduğu beynəlxalq konvensiyalar çərçivəsində əməkdaşlığın perspektivlərini müzakirə etmişik.

Moldova və Azərbaycan ətraf mühitin mühafizəsinə dair çoxlu beynəlxalq konvensiya imzalayıb. Biz bu konvensiyalar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizi dəstəkləyirik. Oktyabrın əvvəlində Moldovada çaxır bayramı keçiriləcək. Festival ölkənin bütün regionlarını əhatə edəcək. Biz bu festivalda azərbaycanlı dostlarımızı da görmək istərdik.

Xəbər lenti

Xəbər lenti