...

MakDermott Kaspian Kontraktorz, İnk. uzun müddət xidmətə görə Xəzər regional mükafatlandırma mərasimi keçirib

Energetika Materials 3 Noyabr 2006 17:43 (UTC +04:00)

Şirkətdə 5 və daha çox il ərzində işləyən əməkdaşların xidmətlərinə minnətdarlıq əlaməti olaraq, MakDermott Kaspian Kontraktorz, İnk. (MakDermott) şirkəti uzun müddət xidmətə görə illik Xəzər regional mükafatlandırma mərasimi keçirib. Şirkətdə beş ildən 25 ilə qədər çalışan 100-dən artıq işçi, həmçinin onların rəhbərləri, həmkarları və ailə üzvləri onların karyerasındakı əlamətdar hadisəni qeyd etmək üçün bir yerə toplaşdılar. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Mükafatlandırılanlardan 81 nəfər - Azərbaycan vətəndaşıdır və onların dördü 10 ildir ki, şirkətdə çalışır. "Hər il şirkətdəki fasiləsiz iş stajı 5, 10, 15, 20, 25, 30 və daha artıq il olan əməkdaşlara uzun müddət xidmətə görə mükafat verilir. Bu - MakDermott şirkətinin bir çox yaxşı ənənələrindən biridir və işçilərimizin xidmətinin tanındığını təsdiq edən çox mühüm tədbirdir", - deyə Xəzər bölgəsi üzrə vitse-prezident və baş menecer Den Hauzer bildirib.

"80%-i yüksək ixtisaslı azərbaycanlı işçi və mütəxəssislərdən ibarət olan işçilərimiz öz işlərinə vicdan və sədaqətlə yanaşmasaydılar, biz yerinə yetirdiyimiz layihələri bu qədər uğurla həyata keçirə bilməzdik. Mən şirkətin Azərbaycandakı fəaliyyətinin uğurlu olmasında onların verdikləri töhfəyə görə həmkarlarıma minnətdarlıq bildirməkdən məmnunluq duyuram", - deyə o qeyd edib.

Görüşün sonunda Den Hauzer və müvafiq şöbələrin rəhbərləri əməkdaşlara mükafat haqqında sertifikatlar təqdim etdilər.

MakDermott Kaspian Kontraktorz, İnk. C.Rey MakDermott, S.A. şirkətinin Xəzər bölgəsində fəaliyyət göstərən törəmə şirkətidir. Şirkət avadanlıq tədarükünü həyata keçirir, dəniz neft-qaz sənayesi üçün xidmət göstərir və yaradıcı həllər təklif edir. Bu xidmətlərə layihələndirmə, maddi-texniki təchizat, konstruksiyaların hazırlanması, tikinti işləri, layihələrin idarəsi, dəniz boru kəmərlərinin çəkilişi və dəniz qurğularının inşası daxildir.

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) ilə bağlanmış müqavilələrə əsasən şirkət platformaların birləşmiş üst tikililərini inşa edir və "Azəri", "Çıraq" və dərinsulu "Günəşli" yatağının işlənməsi üzrə 3 layihənin Faza 1, Faza 2 və Faza 3 çərçivəsində sualtı boru kəmərləri çəkir. MakDermott Kaspian Kontraktorz, İnk. həmçinin layihələndirmə, sahil boru kəməri çəkilişi üçün xəndəklərin qazılması, eləcə də TPG-500 platformasından Səngəçal terminalına qədər hər birinin uzunluğu 92 km olan üç dəniz boru kəmərinin tədarükü, inşası, çəkilişi və ilkin istismara verilməsi üçün "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə layihənin Faza 1 çərçivəsində BP Şahdəniz Eksploreyşn Limited şirkətindən nüfuzlu müqavilə üzrə layihə alıb.

Üst tikililərin inşası üçün ABƏŞ-lə müqavilələr çərçivəsində şirkət obyektlərin modernləşdirilməsi üzrə kompleks proqram həyata keçirib və "Heydər Əliyev adına" Bakı dərin özüllər zavodunda tam layihə infrastrukturu yaradıb.

Xəbər lenti

Xəbər lenti