Azərbaycanın "Şahdəniz" yatağından təbii qazın Gürcüstana tədarükü üzrə danışıqların son nəticələri İstanbulda cümə axşamı Gürcüstan prezidenti Mixail Saakaşvili və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündən sonra açıqlanacaq. Bu barədə Türkiyədə olan Gürcüstanın enerji naziri Nikoloz Gilauri məlumat verib. "Qəti olaraq danışıqların təfərrüatları Türkiyənin baş naziri ilə razılaşdırılmalıdır", - deyə Gilauri Novosti-Qruziya agentliyinə bildirib.
"Mən əminəm ki, yanvarın 1-dək əhalinin həm elektrik enerjisi, həm də qazı olacaq. Artıq Azərbaycan və Türkiyə ilə başlıca prinsiplər üzrə saziş var", - deyə nazir bildirib. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Azərbaycanla danışıqlar demək olar ki, başa çatıb, gündəlik tədarük həcmləri və texniki detallar dəqiqləşdirilir.
"Türkiyənin baş naziri ilə son mövqe razılaşdırılacaq, eləcə də Türkiyənin normasından qazın dəyərinin ödənilməsi, bunun kompensasiya şəklində olacağı və ya elektrik enerjisi şəklində qaytarılacağı məsələsi həll olunacaq", - deyə Gilauri bildirib.
2007-ci ildə Şahdəniz yatağındakı qazdan Gürcüstanın norması 250 milyon kubmetrdən çox təşkil edir. Gürcüstan həmçinin 2007-ci ildə Türkiyənin normasından 800 milyon kubmetr alacağına ümid edir, bu qazın Gürcüstan üçün qiyməti hazırda razılaşdırılır.
Şahdəniz yatağında sənaye hasilatı dekabrın 15-də başlayıb. Debit (ölçü vahidinə daxil olan maye və ya qazın həcmi) sutkada 5,6 milyon kubmetr qaz və 2,5 min ton kondensat təşkil edir. Dərinliyi 6,5 min metr olan quyu dənizin 100 metr dərinliyində qazılıb. Yatağın işlənməsinin birinci mərhələsinin başlanğıc proqramına daha üç quyu daxildir.
Şahdəniz yatağının işlənməsi üzrə müqavilə 4 iyun 1996-cı il tarixində imzalanıb. Layihənin iştirakçıları BP (operator - 25,5%), Statoil
(25,5%), Azərbaycan Dövlət Neft Şirkəti (10%), LUKOIL
(10%), NICO (10%), TotalFinaElf (10%) və TPAO (9%) şirkətidir. Yatağın ehtiyatları 625 milyard kubmetr qaz və 101 milyon ton kondensat həcmində qiymətləndirilir.