...

Sənaye və Energetika Nazirliyi "2007-2012-ci illər üçün sənayenin inkişafı üzrə dövlət proqramı"nın ilkin variantını hazırlayıb

Energetika Materials 22 Yanvar 2007 16:22 (UTC +04:00)

Azərbaycan Sənaye və Energetika Nazirliyi "2007-2012-ci illər üçün Azərbaycan Respublikasının sənayesinin inkişafı üzrə dövlət proqramı" layihəsinin ilkin variantı üzərində hazırlıq işlərini başa çatdırıb. Trend xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Proqram Azərbaycan prezidentinin "2007-ci il üçün Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında" qanunun tətbiq olunması haqqında fərmanına uyğun olaraq nazirlik tərəfindən hazırlanıb.

Sənayenin inkişafı üzrə dövlət proqramında sənayenin inkişafının perspektiv istiqamətlərinin müəyyən olunması, müəyyən səbəblərdən tam gücü ilə işləməyən müəssisələrin fəaliyyətinin bərpası və tədəblərə uyğun yeni müəssisələrin yaradılması, yerli ehtiyatlardan səmərəli istifadə hesabına regionlarda sənayenin inkişafına xüsusi diqqətin cəlb olunması, aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə kənd təsərrüfatının inkişafının təmin olunması, investorların regiona cəlb olunması üçün əlverişli şəraitin yaradılması və investorların hüquqlarının təmin olunması üçün bütün tədbirlərin həyata keçirilməsi, istehsalat müəssisələrinin beynəlxalq standartlara keçidinin təmin olunması, müəssisələrin fəaliyyətinə qanunsuz müdaxilə məsələsinin həlli və normati-hüquqi bazanın təkmilləşdirilməsi üzrə tədbirlərin davam etdirilməsi, rəqabət qabiliyyətli sənaye məhsulunun buraxılması hesabına ixrac potensialının artırılması və idxalda yerli məhsulun çəkisinin artırılması nəzərdə tutulub.

Proqramın yüksək səviyyədə hazırlanması üçün nazirlik müvafiq mərkəzi və yerli hakimiyyət orqanlarına, dövlət şirkətlərinə və konsernlərə, səhmdar cəmiyyətlərə, elmi-tədqiqat və layihə institutlarına, ali təhsil müəssisələrinə təklif vermələri üçün müraciət edib. Hazırda təkliflərin əksəriyyəti qiymətləndirilib və onlar proqramın layihəsində öz əksini tapıb. Layihələr üzərində işlərin yaxın vaxtda tamamlanacağı nəzərdə tutulub. Proqram razılaşdırıldıqdan sonra o, Nazirlər Kabinetinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti