...

Azərbaycan eletrik stansiyasına məsləhətçi müəyyən olunması üçün tender elan edilib

Energetika Materials 16 Aprel 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "Azərenerji" SC Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) təqdim etdiyi kredit hesabına Mingəçevirdəki Azərbaycan İES-in yenidən qurulması çərçivəsində konsaltinq şirkətinin cəlb olunması üçün ixtisaslaşdırılmış tenderin keçirilməsini elan edib. Bu barədə Bankın məlumatında göstərilib.

Şirkətin seçimində əsas məqsəd əmək və texniki təhlükəsizlik səviyyəsinin artırılmasıdır. Bundan başqa, şirkət bankla razılaşdırılmış Ətraf mühütün mühafizəsi planına uyğun olaraq "Azərenerji" SC-nin öhdəliklərinin həyata keçirilməsinə xidmət edəcək müvafiq texniki ekspertiza işlərini aparmaqla, stansiyalarda ekoloji vəziyyətin yaxşılaşdırılmasına yardım etməlidir.

Məsləhətçi şirkət ekoloji planın həyata keçirilməsi strategiyasını hazırlayacaq və bunun üçün "Azərenerji" əməkdaşları üçün treninqlər keçirəcək. İşlərin sentyabrdan başlayaraq 34 ay davam edəcəyi gözlənilir. İşlərin aparılmasına 600 min avro dəyərində (ƏDV-siz) büdcə müəyyən olunub. Bu məbləğ yalnız məsləhətçinin xidmətlərini ödəyir. Məbləğ işlərin effektiv aparılması üçün avadanlıq və materialın dəyərini təmin etmir. Tender mayın 11-də bağlanır.

AzİES-in yenidənqurulması layihəsi 150 mln. dollar dəyərində qiymətləndirilir ki, bunun da 115 mln dollarını AYİB ayırır. Daha öncə bank tərəfindən Mingəçevirdəki AzİES-in yenidən qurulması layihəsində məsləhətçi kimi çıxış edəcək şirkət müəyyən olunub və təsdiqlənib. Tenderin qalibi yapon - alman şirkətlər alyansı TEPSCO və Fichtner şirkətləri olub.

Məsləhətçi layihə üzrə podratçının təklifləri əsasında texniki ixtisaslaşmanı hazırlayacaq. Həmçinin baş podratçının müəyyən olunması üçün tender keçirəcək.

80-ci illərdə inşa edilmiş stansiya Azərbaycanda ən iri elektrik stansiyası hesab olunur. Stansiyanın hər biri 300 MVt gücündə olan 8 enerji bloku var. Amma aşınma nəticəsində stansiyanın istehsal gücü azalıb. 2006-cı ildə "Azərenerji" Rusiyanın "Silovıe maşinı" şirkəti ilə birgə 5-ci enerji blokunda təmir işləri aparıb ki, bu da onun gücünün 330-340 MVt-a çatmasına səbəb olub.

Yenidənqurma layihəsi 7 enerji blokunun, su və buxar borusunun müasirləşdirlməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti