...

Azərbaycan Odessa-Brodı neft kəməri layihəsinə qoşulmağa hazırdır

Energetika Materials 12 May 2007 11:41 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Krakovda (Polşa) keçirilən enerji sammitində ölkəsinin Odessa-Brodı neft kəməri layihəsinə qoşulmasına hazır olduğunu bəyan edib. Bu neft kəməri nefti Ukrayna və Polşa vasitəsilə Qərbi Avropaya nəql etməyə imkan verəcək. Bu barədə Reuters məlumat verib. "Biz bu layihəyə çox güclü siyasi dəstək göstəririk", deyə İ.Əliyev Ukrayna, Litva, Gürcüstan və Polşa prezidentləri və Qazaxıstan nümayəndəsinin də iştirak etdiyi sammitdə bəyan edib. Bu barədə RBK məlumat verib.

"Biz Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynamaq istəyirik", deyə Azərbaycan prezidenti bildirib. "Ölkəmiz bir neçə illər ərzində istifadə oluna biləcək əhəmiyyətli neft ehtiyatlarına malikdir", deyə İ.Əliyev əlavə edib. Bununla yanaşı o, vurğulayıb ki, Azərbaycanın hansı həcmdə neft çatdırmasını müəyyən etməzdən əvvəl layihənin texniki analizini aparmaq lazımdır.

Sammitdə tərəflər Odessa-Brodı neft kəmərinin idarə edilməsi üzrə birgə müəssisənin (BM) yaradılması barədə razılığa gəlib.

Polşa prezidenti Lex Kaçinski qeyd edib ki, BM "dövlət şirkətlərinə dominantlıq edəcək" və əlavə edib ki, layihəyə "hələ daha hansı ölkələrin qoşulmaq imkanı olması və onun hansı yekun xarakter daşıyacağı məlum deyil".

Ukrayna prezidenti Viktor Yuşşenko öz növbəsində keçirilən sammiti irəliləyiş adlandırıb. "Odessa-Brodı-Qdansk neft kəməri ilə bağlı danışıqlar bir neçə illərdir ki, davam edir. Kəmər üçün ciddi siyasi qərar lazım idi və bu qərar bu gün qəbul edilib", - deyə V.Yuşşenko qeyd edib.

Sammitdə iştirak edən altı ölkə lideri yeni görüşü bu ilin oktyabında keçirmək barədə razılığa gəlib.

Xəbər lenti

Xəbər lenti