Azərbaycan, Bakı / Trend /ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə müavininin köməkçisi Metyu Brayza Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə görüşü zamanı bəyan edib ki, ABŞ hökuməti enerji sahəsində sağlam rəqabətin tərəfdarıdır və rəsmi Vaşinqton hesab edir ki, bu faktordan siyasi təzyiq metodu kimi istifadə edilməsi yolverilməzdir.
Onun sözlərinə görə, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində maraqlıdır. Brayza "Şahdəniz" qazının Yunanıstan, İtaliya və digər Avropa ölkələrinə çatdırılması perspektivini yüksək qiymətləndirib. Brayza "Xəzər dənizi-Baltik" regionu ölkələrinin vahid enerji məkanı çərçivəsində əməkdaşlığı məsələsinə də toxunub. Rəsmi Vaşinqtonun mövqeyini açıqlayan Brayza bildirib ki, Azərbaycan, Gürcüstan, Ukraynanın da daxil olduğu vahid energi məkanının sərhədləri Şərqi Avropa regionu ölkələrini əhatə edərsə, bu, regionun enerji təhlükəsizliyinə böyük töhvə kimi qiymətləndirilə bilər. Azərbaycanlı nazir Əliyev sentyabr ayında Türkiyə-Yunanıstan qaz kəmərinin açılış mərasimində iştirak etmək məqsədilə rəsmi səfərə dəvət olunub.
"Şahdəniz" qazının Türkiyə ərazisi vasitəsilə Yunanıstana çatdırılması üçün tranzit haqqının müəyyən edilməsi üzrə danışıqların aparıldığı, həmin danışıqların yaxın vaxtlarda Yunanstanla da başlayacağı barədə məsələ də görüşdə müzakirə olunub. Görüşdə diqqət yetirilən mövzulardan biri də Transxəzər layihəsi ilə bağlı olub. Brayzanın sözlərinə görə, rəsmi Vaşinqton Azərbaycanın tranzit imkanlarını yüksək qiymətləndirir və Türkmənistan qazının Azərbaycan ərazisi vasitəsilə Avropaya çatdırılması istiqamətində danışıqları davam etdirir. "ABŞ strateji müttəfiqi olan Azərbaycanla enerji sahəsində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir" - deyə Brayza qeyd edib.