Bakı. Trend:
2020-ci ilin II rübünün yekunlarına əsasən ölkənin ən böyük özəl banklarından biri olan ASC “Xalq” Bankının aktivləri 2 168.97 mln manat təşkil edib. Cari ilin 1 iyul tarixinə Bankın cəmi kapitalı ötən ilin analoji dövrünə nisbətdə 7.43% artaraq 428.90 mln manata çatdırılıb.
Bankın kredit portfelinin həcmi 2019-cu ilin analoji dövrünün sonu ilə müqayisədə 2.83% artaraq 1 565.77 mln manata çatıb, müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmi isə ötən ilin müvafiq dövrünün yekunu ilə müqayisədə 2.96% artaraq 1 430.99 mln manat təşkil edib.
Bankın xalis faiz gəlirləri ötən ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə 6.46% artaraq 40.79 mln manat təşkil edib, əməliyyat mənfəəti 31.91% artım sayəsində 31.14 mln manata çatıb. Bank I yarımili 17.18 mln manat xalis mənfəətlə başa vurub, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 9.67% artıb.
Maliyyə-təsərrüfat fəaliyyətinin cari ilin altı ayının nəticələri Xalq Bankın ölkənin maliyyə sektorunun lider banklardan biri olduğunu bir daha təsdiqləyir və Bankın mövqelərinin daha da möhkəmdiyini söyləməyə əsas verir.