...

Dünya iqtisadiyyatı çox "yüngül eniş"ə yaxınlaşır - IMFC sədri

Maliyyə Materials 19 Aprel 2024 20:40 (UTC +04:00)
Dünya iqtisadiyyatı çox "yüngül eniş"ə yaxınlaşır - IMFC sədri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

Dünya iqtisadiyyatı çox "yüngül eniş"ə yaxınlaşır.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta və Maliyyə Komitəsinin (IMFC) sədri Mohammed Al-Cadaan BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində brifinqdə deyib.

"Əslində, hazırda baş verənlər gözlədiyimizdən xeyli yaxşıdır. Dünya iqtisadiyyatı daha dayanıqlı olub. Əksər ölkələrdə inflyasiya azalır və bütünlükdə çox "yüngül eniş"ə yaxınlaşırıq", - o deyib.

Mohammed Al-Cadaan Dünya Bankı və BVF-in son illər ərzində çox sayda qlobal sarsıntılarla üzləşdiyini qeyd edib.

"Perspektivlər yaxşılaşır və bu, çox müsbət tendensiyadır, lakin çox sayda problemlər qalmaqdadır və biz ayıq olmalıyıq", - deyə IMFC sədri əlavə edib.

O, üzv ölkələrin təqdim olunan prioritetlər üzrə razılaşmasının böyük nailiyyət olduğunu bildirib.

"Gələcəkdə hamımızın üzləşdiyimiz problemlərin üzərində işləyəcəyimizdən əmin olmaq çox vacibdir. Bu ay ilk dəfə xüsusi borc hüquqları çərçivəsində 25 milyard dollar dəyərində orta müddətli hədəf göstəricilərinə nail olacağımız gözlənilir. 15 il əvvəl qarşımıza qoyduğumuz bu məqsəd və bu ay ona nail olmağımız, həqiqətən, yaxşıdır. Mahiyyətcə bu üzvlüyə dəstək və sarsıntılarla mübarizə üçün yaxşı bufer rolunu oynayır", - deyə IMFC sədri qeyd edib.

Al-Cadaan BVF-in "Böyük İyirmiliyin" (G20) ümumi çərçivə sazişi çərçivəsində borcun restrukturizasiyasına dəstək üzrə gələcək tədbirlərinə dair nəhayət razılıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biridir. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunur.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti