...

IsDB Azərbaycanda yaxın zamanda sukukun buraxılışına ümid bəsləyir

Maliyyə Materials 21 May 2025 17:19 (UTC +04:00)
IsDB Azərbaycanda yaxın zamanda sukukun buraxılışına ümid bəsləyir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Əlcəzair. Trend:

İslam İnkişaf Bankı (IsDB) yaxın zamanda Azərbaycanda sukukun buraxılacağına ümid bəsləyir.

Bunu İslam İnkişaf Bankının xəzinədarı Muhamməd Şərəf Əlcəzairdə IsDB Qrupunun illik toplantısı çərçivəsində keçirilən "Dövlət sukukları: milli maliyyələşmənin strateji aləti" mövzusunda panel müzakirəsi zamanı Trend-in xüsusi müxbirinin verdiyi suala cavabında deyib.

O qeyd edib ki, Azərbaycan və İslam İnkişaf Bankının bir sıra digər üzv ölkələri sukukun buraxılması imkanını nəzərdən keçirirlər və Bank bu istiqamətdə onlara üç əsas yolla dəstək göstərməyə hazırdır.

“Dəstəyimizin ilk istiqaməti texniki yardımdır. Bizim İslam İnkişaf Bankının İnstitutu mövcuddur və sukukun buraxılmasına hazırlıq mərhələsində olan bütün üzv ölkələrə bu yüksək ixtisaslı komandanın xidmətlərindən istifadə etməyi şiddətlə tövsiyə edirik. Bu, xüsusilə də zəruri infrastrukturun yaradılması baxımından vacibdir, çünki bu olmadan sukukun buraxılması üçün dayanıqlı ekosistemi təşkil etmək mümkün deyil”, - deyə bankın nümayəndəsi qeyd edib.

İkinci istiqamət isə özəl sektorla bağlıdır:

“Bizdə IsDB-nin özəl bölməsi olan ICD mövcuddur və bu qurum suveren dövlətlərə bazara çıxışa hazırlıq (go-to-market preparation) prosesində ekspertlər səviyyəsində müşavirələr təqdim etməklə dəstək verir”, - o əlavə edib.

Üçüncü istiqamət isə Bankın özünün investisiya fəaliyyətidir:

“Biz investor kimi daim sukuklara investisiya qoymaq imkanları axtarırıq. Hazırda sukuklara qoyduğumuz investisiyaların həcmi təxminən 7-8 milyard ABŞ dolları təşkil edir. Bu, bizim tərəfimizdən buraxılış (emissiya) deyil, məhz investisiyadır”, – bank nümayəndəsi izah edib.

O, bankın İslam maliyyə alətləri bazarının genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

“Biz bazarda daha çox sukuk görmək istəyirik və onlar bizim meyarlara cavab verdiyi təqdirdə, onlara sərmayə yatırmağa hazırıq. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda da ilk sukuk buraxılışını görəcəyik”, – deyə o yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti