...

Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub

Yaşıl iqtisadiyyat Materials 4 Mart 2024 20:13 (UTC +04:00)
Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan fevralın 28-də qlobal metan emissiyalarının azaldılması üzrə dövlətlərin könüllü olaraq öz üzərinə götürdüyü öhdəlikləri nəzərdə tutan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulduğunu elan edib.

Trend xəbər verir ki, buna uyğun olaraq, Azərbaycanın 2030-cu ilə qədər qlobal metan emissiyalarının ən azı 30 faiz həcmində azaldılmasını hədəfləyən birgə beynəlxalq səylərə qoşulmağa hazır olduğu bildirilir.

“Qlobal Metan Vədi” 2021-ci ildə Birləşmiş Krallığın Qlazqo şəhərində keçirilmiş COP26 İqlim Dəyişikliyi Konfransında ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən metan emissiyalarının azaldılması ilə bağlı qlobal öhdəlik kimi irəli sürülmüş təşəbbüsdür. “Qlobal Metan Vədi”nin məqsədi 2030-cu ilə qədər metan emissiyalarını 2020-ci illə müqayisədə ümumilikdə 30 faiz məhdudlaşdırmaqdır. Hazırda 155 ölkə bu beynəlxalq öhdəliyə qoşulduğunu elan edib və qlobal metan çirklənməsinin təxminən yarısı bu ölkələrin payına düşür.

Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını, 2000-ci ildə isə Konvensiyanın Kioto Protokolunu ratifikasiya edib, qlobal iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Azərbaycan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədində qlobal iqlim dəyişikliklərinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili (1990) ilə müqayisədə 2030-cu ilə istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. 2023-cü ildə yenilənmiş sənəddə isə yeni öhdəlik kimi 2050-ci ilə qədər istixana effekti yaradan qaz emissiyalarının 40 faiz həcmində azaldılması hədəf götürülüb. Bununla yanaşı 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dekarbonizasiya zonasına çevrilməsinin hədəfləndiyi elan edilib.

Qlobal iqlim dəyişiklikləri ilə mübarizədə fəallığı ilə seçilən ölkəmizin “Qlobal Metan Vədi”nə qoşulması onun dünyada etibarlı “yaşıl” enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirəcək. Beynəlxalq birliyin məsuliyyətli üzvü kimi Azərbaycan hər zaman qlobal iqlim siyasəti ilə bağlı dövlətlərin apardığı birgə fəaliyyətə əhəmiyyətli dəstək və töhfə verir, “yaşıl” hədəflər uğrunda daha çox səy göstərilməsini təşviq edir. Üzərinə götürdüyü öhdəliklərə sadiqlik, Azərbaycan Prezidenti tərəfindən elan edilmiş “Yaşıl dünya naminə həmrəylik” təşəbbüsü çərçivəsində uğurlu fəaliyyət və yeni təşəbbüslər Azərbaycanı dünyada qlobal iqlim siyasətinə böyük töhfə verən uğurlu nümunə kimi tanıdır. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin ölkəmizə həvalə edilməsi də bu fəaliyyətə verilən beynəlxalq qiymətin və göstərilən etimadın açıq təzahürüdür.

Xəbər lenti

Xəbər lenti