Bakı. Trend:
Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 mln. kVt·stdan 286,6 mln. kVt·sta çatıb. Ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 286,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt·st) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt·st-a çatıb.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
"COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan
mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji
zonasının genişlənməsinə dəstəkdir. Bu ölkəmizin iqlim dəyişikliyi
və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın
güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhvəsidir.
İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan
enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji
istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq
hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq
olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı
vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu
enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan
yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma
əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da
vacibdir.
Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar", - deyə o bildirib.