Bakı. Trend:
COP29 “yaşıl” maliyyələşdirməyə zəruri təkan verəcək.
Trend xəbər verir ki, bu barədə “PAŞA Bank”ın Baş icraçı direktoru və İdarə heyətinin sədri Cavid Quliyev ADA Universitetində keçirilən "Özəl maliyyələşdirmə üçün şəraitin yaradılması" mövzusunda dəyirmi masada bildirib.
"COP29 "yaşıl" maliyyələşdirməyə zəruri təkan verəcək və onu təkcə iri korporasiyalar və dövlət şirkətləri üçün deyil, kiçik və orta biznes üçün də daha əlçatan edəcək", - o qeyd edib.
C.Quliyevin sözlərinə görə, Azərbaycanın bank sektoru artıq uzun müddətdir ki, "yaşıl" maliyyələşdirmənin dəstəklənməsi ilə fəal şəkildə məşğul olur.
"Məsələn, bank sektoru ekoloji təmiz nəqliyyatın alınması üçün sərfəli şərait yaradır. Məlum olduğu kimi, COP29 ərəfəsində Bakının küçələrinə çıxacaq xeyli sayda yeni elektrobuslar alınıb. Kənd təsərrüfatına diqqət yetirsək, bank sektorunun damcılı suvarma kimi texnoloji həllərin maliyyələşdirilməsinə dəstək verdiyini görərik. Hazırda damcılı suvarma yalnız mühüm bir təcrübə deyil, həm də ölkənin yaşadığı su qıtlığı şəraitində şirkətlər üçün məcburi hüquqi tələbdir", - o əlavə edib.
C.Quliyev bildirib ki, ölkədə normativ-hüquqi baza inkişaf edir və bu, maliyyə institutlarına, xüsusilə banklara, “yaşıl” maliyyələşdirməni daha effektiv şəkildə dəstəkləməyə və mobilizasiya etməyə kömək edir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.