Bakı. Trend:
Biz təmiz enerji texnologiyalarının inkişafı üçün əlverişli şərait yaratmalıyıq
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində keçirilən panel iclası zamanı çıxışında deyib.
"2023-cü ilin mart ayında biz Paris Sazişində müəyyən edilmiş iqlim hədəfinə çatmaq məqsədi ilə yola başladıq.
Bu hədəf 2030-cu ilə qədər enerji səmərəliliyini iki dəfə artırmaq kimi konkret qlobal məqsədə daxil edilib. COP28-də dünya bu iddialı hədəflərin arxasında birləşdi. COP28 ruhunu canlı saxlamaq və BƏƏ konsensusa nail olmaq üçün biz təmiz enerji keçidində dünyanın tərəqqisini sürətləndirməliyik.
Biz təmiz enerji texnologiyalarının inkişafı üçün əlverişli şərait yaratmalıyıq. Bu, bərpa olunan enerji layihələri üçün icazə prosedurlarının sürətləndirilməsi və şəbəkələrimizdə bərpa olunan enerjinin daha çox mənimsənilməsi üçün şərait yaradılması deməkdir.
Təmiz enerjiyə keçid, xüsusən də əlverişli kapitalın az olduğu regionlarda böyük investisiyalar tələb edəcək. Dövlət maliyyəsi mühüm rol oynayacaq, lakin biz özəl kapitalı da səfərbər etməliyik",- deyə o bildirib.
Qeyd edək ki, Bakıda Pre-COP29 tədbirinin ikinci günü keçirilir.
Tədbirin ikinci günü çərçivəsində plenar sessiyalar və paralel tədbirlər keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.