Bakı. Trend:
Pre-Cop COP29 çərçivəsində danışıqların başlanğıcı üçün yaxşı platforma oldu.
Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) iqlim fəaliyyətləri üzrə komissarı Vopke Hukstra ADA Universitetində "Qlobal Perspektivlər" mövzusunda mühazirələrlə çıxış edərkən bildirib. Görüş ADA İnkişaf və Diplomatiya İnstitutunun Avropa Tədqiqatları üzrə Mükəmməllik Mərkəzi tərəfindən təşkil edilib.
"COP29 ərəfəsində çox iş görülməlidir. Dubayda COP28-də əldə edilən konsensusa inamı gücləndirməklə yanaşı, onu daha da konkretləşdirməliyik. Pre-Cop COP29 danışıqları üçün yaxşı başlanğıc oldu", - deyə o vurğulayıb.
Avrokomissar, həmçinin qlobal istiləşmənin fəsadlarının yüngülləşdirilməsi üçün qlobal səylərin artırılmasının vacibliyini vurğulayıb.
"Yaşıl enerjiyə keçmək vacibdir. Vaxt keçdikcə qazdan tədricən imtina etməliyik, çünki o, qalıq yanacaqdır. Biz qazdan asılılığımızı azaltmalıyıq. Yaşıl keçid və iqlim təsirlərinə uyğunlaşma böyük maliyyə sərmayələri tələb edir, yəni daha çox dövlət maliyyələşdirilməsi tələb olunacaq. Lakin dövlət maliyyələşdirilməsi tək başına kifayət etməyə bilər. Toplanan vəsaitlər, eyni zamanda, ən çox yardıma ehtiyacı olan ölkələrə yönləndirilməlidir", - Vopke Hukstra əlavə edib.
Xatırladaq ki, 10-11 oktyabr tarixlərində Azərbaycanda Pre-COP tədbiri keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından əvvəl təxminən bir ay öncə hazırlıq iclası kimi tanınan Pre-Cop keçirilir. Bu görüşün məqsədi seçilmiş ölkələr qrupuna danışıqların bəzi əsas siyasi aspektləri ilə bağlı müzakirə və fikir mübadiləsi üçün qeyri-rəsmi mühit təmin etmək, mümkün qədər gələcək danışıqlar üçün siyasi tövsiyələr verməkdir.
Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Bu qərar keçən ilin 11 dekabrında Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib.