...

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərini fürsətə çevirmək qabiliyyətinə malikdir - Murat Kurum

Yaşıl iqtisadiyyat Materials 13 Noyabr 2024 15:13 (UTC +04:00)
Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərini fürsətə çevirmək qabiliyyətinə malikdir - Murat Kurum
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə iqlim dəyişikliyinin mənfi təsirlərinə məruz qalan, eyni zamanda, bu böhranı fürsətə çevirmək qabiliyyətinə malik olan bir ölkədir. Biz COP31-in sədrliyinə böyük əhəmiyyət veririk. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin COP31-ə ev sahibliyinə namizədliyini bütün dünyaya açıqladı.

Trend xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin iqlim vizionu ilə bağlı açıqlamasında söyləyib.

COP31 üçün Türkiyənin əsas baxışını ortaya qoyan öhdəliklərindən danışan nazir deyib: “Türkiyə sədrliyi dövründə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim fəaliyyətini gücləndirən körpü olacaq. O, istisnasız olaraq bütün ölkələr üçün iqlim ədalətinə uyğun texnologiya axını və maliyyə paylaşımını tam dəstəkləyəcək. İqlimə davamlı və uyğun bir şəhər modelinin inkişaf etdirilməsi nöqtəsində ən qətiyyətli addımları atacaq. Bütün gücü ilə dünyanın kövrək bölgələrinin, xüsusən də Aralıq dənizi-Afrika-Sakit okean hövzəsinin dayanıqlığının artırılmasına diqqət yetirəcək”.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti