...

Azerfon yeni "Pul Yağışı" kampaniyası elan edib

Telekommunikasiya Materials 1 Fevral 2008 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral/ Trend / Azərbaycanın mobil rabitə operatoru Azerfon BM (Nar Mobile ticarət nişanı) yeni "Pul Yağışı" kampaniyasını təklif edib. Şirkətin məlumatında bu ilin fevralından başlayaraq sabit şəhər nömrələrindən və digər GSM operatorlardan daxil olan bütün zənglər üçün Nar Mobile abunəçilərinin pul əldə edəcəyi deyilir.

"Digər şəbəkələrdən (Nar Mobile şəbəkəsindən başqa) daxil olan bütün zənglərə cavab verməklə abunəçilər bonus hesablarına pul şəklində əlavə olunacaq bonuslar əldə edəcəklər" - məlumatda deyilir.

Daxil olan zəngin hər bir dəqiqəsi üçün Nar Mobile abunəçilərinin bonus hesablarına 0.02 AZN əlavə olunur.

Daxil olan zənglər üçün bonusları abunəçilər mobil rabitənin bütün xidmətlərinə sərf edə biləcəklər. Bura bütün istiqamətlərə zənglər, SMS və MMS-lərin göndərilməsi, GPRS, eləcə də əlavə xidmətlərin seçilməsi daxildir.

"Pul Yağışı - daha yaxşı nə ola bilər" aksiyası Nar Mobile-ın bütün tarif planlı abunəçiləri üçün 2008-ci il fevralın 1-dən avqustun 1-dək fəaliyyət göstərir.

Azərbaycanda GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azerfon BM (Nar Mobile ticarət nişanı) 2005-ci ilin sonunda lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. Hazırda Nar Mobile şəbəkəsindən 300.000-dən çox abunəçi istifadə edir.

Xəbər lenti

Xəbər lenti