Azərbaycan, Bakı 30 iyun / Trend , müxbir S.Babayeva/ Bu gün Strasburqda səfərdə olan Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Avropa Şurasının baş qərargahında təşkilatın Baş katibi Terri Devislə görüşəcək. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən (RİTN) məlumat verilib.
"Tərəflər Azərbaycan və Avropa Şurası arasında informasiya texnologiyaları sahəsində münasibətlərin inkişafı, o cümlədən Azərbaycanın kibercinayətkarlıq üzrə Avropa Konvensiyasına qoşulması məsələsini müzakirə edəcəklər", - deyə dövlət idarəsindən bildiriblər.
Görüşün yekununda Azərbaycanın Avropa Şurasının kibercinayətkarlıq üzrə Konvensiyasına qoşulmasına dair sənədin imzalanacağı gözlənilir.
Avropa Şurasının kibercinayətkarlıq üzrə Konvensiyası 2001-ci ilin noyabr ayında Budapeşt şəhərində qəbul olunub. Konvensiyanın yaradılmasında məqsəd ayrı-ayrı ölkələrdə bir-birindən fərqlənən kompüter cinayətləri barədə qanunların uyğunlaşdırılmasından ibarədir.