Azərbaycan, Bakı, 28 yanvar/ Trend , müxbir S.Babayeva/
Azərbaycanın mobil rabitə operatoru Azərfon (Nar Mobile ticarət nişanı) üçüncü nəsil rabitə texnologiyaları xidmətlərinin (3G) göstərilməsinə lisenziya alıb, - şirkətin Baş direktoru Qido Helbix çərşənbə günü bildirib.
Onun sözlərinə görə, "biz [Azərfon] bunun üçün lazım olan lisenziyanı almışıq və artıq şəbəkənin yaradılması üzrə işlərə başlamışıq".
Azərbaycan 2007 - ci ildə 3G lisenziyasının alınması planlarını elan edib.
Şirkət rəhbəri 3G şəbəkəsinin qurulması üçün lazım olan konkret sərmayə məbləğini açıqlamayaraq, yatırımların böyük olacağını bildirib.
Azərfon artıq cari ilin birinci yarısında 3G xidmətlərini abonentlərin istifadəsinə verməyi planlaşdırır.
3G standartı Beynəlxalq Elektrorabitə İttifaqı tərəfindən hazırlanıb və IMT-2000 (International Mobile Telecommunications 2000) adını daşıyır. 3G - "üçüncü nəsil", həm İnternet şəbəkəsi xidmətlərinə yüksək sürətli mobil çıxışı, həm də məlumatların ötürülməsi kanalını yaradan radiorabitə texnologiyasını özündə birləşdirir. Üçüncü nəsil şəbəkəsi videotelefon rabitəsini təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara baxmağa və s . imkan verir.
Azərfon 2005 - ci ilin dekabrında Azərbaycanda GSM xidmətlərinin göstərilməsinə lisenziya alıb. Bu gün operatorların abonentlərinin sayı 1 milyona çatır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]