...

Delta Telecom Azərbaycanda ilk dəfə WiMAX Rev-e mobil şəbəkəsini işə salır

Telekommunikasiya Materials 30 Yanvar 2009 03:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar/ Trend müxbir S.Babayeva/

Azərbaycanın Delta Telecom telekommunikasiya şirkəti fevralda Azərbaycanda ilk dəfə olaraq WiMAX Rev-e mobil şəbəkəsini istismara verəcək, - Delta Telecom-un Baş direktoru Ramazan Vəliyev cümə axşamı bildirib.

"Bu gün texniki işlər aparılır, infrastruktur yaradılır, optik kabellər çəkilir və qüllələr tikilir. Bu son dərəcə geniş və bahalı layihədir", - Vəliyev deyib.

Onun sözlərinə görə, şəbəkə birinci mərhələdə Bakı, Sumqayıt və Abşeron yarımadasını əhatə edəcək. Gələcəkdə Azərbaycanın digər şəhərlərində də analoji işlər aparılacaq.

Şəbəkənin ümumi gücü 4,4 giqabit təşkil edəcək. Bütün İnternet provayderləri isə cəmi 1,4 giqabitlik gücdən istifadə edirlər.

Layihə Delta Telecom-un Fransanın Alcatel-Lucent şirkəti ilə 2008-ci ilin sentyabrında imzaladığı saziş əsasında həyata keçirilir. Saziş Fransa şirkətinə öz istifadəçilərinə yüksək sürətli İnternetdən başqa, VoİP və digər DATA-xidmətlər təqdim etməyə imkan verəcək. Delta Telecom bu xidmətlərin təqdim edilməsində distribüter rolunu oynayacaq.

Layihənin ümumi dəyəri 30 milyon avro təşkil edir.

Müqaviləyə əsasən, Alcatel-Lucent mobil WiMAX şəbəkəsinin tətbiqinə dəstək göstərir və Delta Telecom-a milli magistral infrastrukturun müasirləşdirilməsində kömək edir. Buraya, baza stansiyaları, WiMAX kontrollerləri, terminallar, İMS platforma və digər proqram təminatları daxildir.

Delta Telecom regionda ən böyük Internet Backbone şəbəkəsinə məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkə platforması Azərbaycanda bütün İnternet provayderlərinə və Gürcüstan provayderlərinin 78 faizdən çox bir hissəsinə peşəkar İP Backbone xidmətləri göstərir. DWDM Delta Telecom şəbəkəsinin infrastrukturu bütün regional mərkəzlər və beynəlxalq çıxışları əhatə edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti