Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir S.Babayeva/
Azərbaycan provayderləri üçün qlobal İnternet şəbəkəsinə çıxışın yeganə təchizatçısı Delta Telecom fevralın 1-dən tariflərin iki qat azaldıldığını elan edib.
"Hazırda beynəlxalq kanalın hər meqabitinin dəyəri ƏDV-siz 275 manat təşkil edir", - şirkətin məlumatında bildirilir.
Şirkətin rəhbəri Ramazan Vəliyevin əvvəllər bildirdiyinə görə, Delta Telecom -un məqsədi ilin sonunadək provayderlər üçün tarifləri bir meqabit kanala görə 100 manatadək endirməkdən ibarətdir.
Onun sözlərinə görə, şirkət ilin ortalarında tarifləri bir daha endirməyi planlaşdırır.
Delta Telecom tarifləri sonuncu dəfə 2007-ci ildə iki dəfə endirib. Ondan sonra provayderlər bir meqabit kanal üçün 550 manat ödəyirlər. Endirimə qədər bu rəqəm 1,1 min dollar təşkil edirdi.
Delta Telecom regionda ən böyük Internet Backbone şəbəkəsinə məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkə platforması Azərbaycanda bütün İnternet provayderlərə və Gürcüstan provayderlərinin 78 faizdən çox hissəsinə peşəkar İP Backbone xidmətləri göstərir. Delta Telecom şəxsi DWDM şəbəkəsinə malikdir. Şirkət şəxsi şəbəkə ehtiyatlarından istifadə edərək, dövlət və özəl müəssisələrə xidmət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]