...

"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində layihələrin həyata keçirilməsi üçün iş qrafiki və TİƏ hazırlanacaq

Telekommunikasiya Materials 19 Avqust 2010 14:39 (UTC +04:00)
"2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (Elektron Azərbaycan)" həyata keçirilməsi üzrə Koordinasiya Şurası bir ay ərzində icraedici strukturlar tərəfindən proqramda göstərilən iş qrafikinin həyata keçirilməsi və layihələrin texniki-iqtisadi əsaslandırmasının hazırlanması haqqında qərar qəbul edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.
"Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində layihələrin həyata keçirilməsi üçün iş qrafiki və TİƏ hazırlanacaq

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Q.Vəliyev/

"2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (Elektron Azərbaycan)" həyata keçirilməsi üzrə Koordinasiya Şurası bir ay ərzində icraedici strukturlar tərəfindən proqramda göstərilən iş qrafikinin həyata keçirilməsi və layihələrin texniki-iqtisadi əsaslandırmasının hazırlanması haqqında qərar qəbul edib. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, şura göstərilən müddət ərzində konkret bəndlər üzrə planın yerinə yetirilməsi üçün lazımi vəsaitlərin müəyyənləşdirilməsi barədə qərar da qəbul edib.

Qərar Koordinasiya Şurasının çərşənbə günü nazirlikdə keçirilən ilk iclası zamanı qəbul olunub.

Koordinasiya Şurasının əsas fəaliyyəti müvafiq istiqamətlər üzrə Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı işlərin koordinasiyası və iş planının hazırlanması olacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramının əsas məqsədləri "Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları Üzrə Milli Strategiya (2003 - 2012-ci illər)"da qoyulan vəzifələrin yerinə yetirilməsidir.

Dövlət Proqramı dörd əsas istiqamət üzrə reallaşdırılacaq. Bunlar telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli idarəetmə orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişafı, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, eləcə də İKT ixrac və rəqabətə davamlılığın gücləndirilməsidir.

Proqramın maliyyələşdirilməsi dövlət büdcəsi, daxili və xarici investisiyalar, kreditlər, qrantlar, beynəlxalq və xarici təşkilatların texniki-maliyyə yardımı, həmçinin, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Dövlət Proqramının reallaşdırılması ilə informasiya cəmiyyətinin, İnternet seqmentinin inkişafı üçün şəraitin yaradılması, kompüter istifadəçiləri dairəsinin genişlənməsi, "rəqəm bərabərsizliyi"nin aradan qaldırılması, "elektron hökumət" həllinin tətbiqi, elektron rəqəmli imzaların və digərlərinin tətbiqi gözlənilir.

"Elektron Azərbaycan" proqramının növbəti mərhələsi çərçivəsində, tədbirlər planına uyğun olaraq, operatorların infrastruktur şəbəkəsinin inkişafı, şəbəkələrin tamamilə elektronlaşdırılması, telekommunikasiya sahəsində müstəqil nizamlayıcı orqanın yaradılması, peyk rabitəsi əsasında xidmətlərin göstərilməsi, elektron kommersiyanın inkişafı üzrə tədbirlər nəzərdə tutulur.

Azərbaycan Prezidentinin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Dövlət Proqramının yerinə yetirilməsinin əlaqələndirilməsi tapşırılıb. Nazirlər Kabinetinə iki ay müddətində dövlət və yerli özünüidarə orqanları aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası barədə təkliflərini hazırlayıb, Azərbaycan Respublikası Prezidentinə təqdim etmək və bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti