Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir H.Vəliyev/
Koreya Milli Araşdırmalar Fondu Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunu (İTİ) qrant siyahısına daxil edib. Bu barədə çərşənbə günü Trend-ə institutun direktoru Rasim Əliquliyev deyib.
Onun sözlərinə görə, bu gün qrant proqramı çərçivəsində Azərbaycana elmi təcrübə üçün Koreyanın aparıcı professorları gəlir.
"Bizim institutda aparılan tədqiqatlar Koreya tərəfinin diqqətini cəlb edib. Biz aparıcı gənc alimlərimizin Koreyanın müvafiq institutlarında təcrübə keçməsində maraqlıyıq. Bu günə azərbaycanlı alimlərin bu ölkənin müvafiq strukturlarında təcrübə keçməsinin maliyyələşdirilməsi məsələsi artıq Koreya Milli Araşdırmalar Fondu ilə müzakirə olunub. Bu məsələ üzrə qəti qərar fondun rəhbərliyi tərəfindən baxıldıqdan sonra qəbul olunacaq", - Əliquliyev deyib.
Bu gün İnformasiya Texnologiyaları İnstitutu Koreya Milli Araşdırmalar Fondunun qrant proqramı çərçivəsində bu ölkənin aparıcı professorları ilə əməkdaşlıq edir. Hazırda əməkdaşlıq çərçivəsində iki Koreya professoru Bakıdadır.
Bundan əvvəl Əliquliyevin dediyi kimi, bu yüksəkixtisaslı mütəxəssislərin Azərbaycana gəlişi innovasiya ideyalarının həyata keçirilməsi və azərbaycanlı alimlərin elmi nailiyyətlərinin əsasına yönəldilib.
Koreyalı mütəxəssislər İTİ-da aparılan araşdırmalarda bilavasitə iştirak edirlər, həmçinin şəxsi təcrübələrini tətbiq edirlər.
Əliquliyevin fikrincə, iqtisadiyyatın innovasiyaya əsaslanması üçün məhz innovativ ideyalar və nou-hau sayəsində öz iqtisadiyyatını qura bilən və dünyada aparıcı mövqe tutan ölkələrin təcrübəsini öyrənmək lazımdır.