İşçi qrupu barədə məlumat və İranın rabitə nazirinin sözləri əlavə olunub (ilk xəbər saat 12:00-da yayılıb)
Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir H.Vəliyev/
İranın rabitə naziri Rza Tağıpur Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşü zamanı ölkələr arasında İKT sahəsində əməkdaşlığın səviyyəsindən razılığını ifadə edib, eləcə də poçt rabitəsi, internet və digər sahələrdə onun genişləndirilməsi perspektivlərinin olduğunu qeyd edib.
Əli Abbasovun sözlərinə görə, Azərbaycan da iki ölkə arasında İKT sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Görüşün yekunları üzrə informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə işçi qrupunun yaradılması barədə qərar qəbul edilib. Qrup İKT sahəsində ikitərəfli münasibətlərin inkişafına yardım edəcək.
Tağıpurun sözlərinə görə, son bir il ərzində Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın inkişafı yeni mərhələyə daxil olub. Tərəflər arasında mövcud imkanlar və razılaşmalar mövcud əlaqələri gələcəkdə daha da inkişaf etdirməyə imkan verir.
Onun sözlərinə görə, İran Azərbaycanla İKT sahəsində əməkdaşlığın sıx inkişafına hazırdır.
İranlı nazir qeyd edib ki, İİR Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə rabitə və informasiya texnologiyaları, eləcə də trafik tranziti üzrə uğurla əməkdaşlıq edir.
"Biz gələcəkdə də əməkdaşlıq üzrə mövcud imkanları artırmaq üçün lazım gələn hər şeyi edəcəyik", - Tağıpur bildirib.
İran kanallarının Azərbaycanın efir məkanına müdaxiləsi məsələsinə gəldikdə, Tağıpur deyib ki, İranın televiziya və radio strukturları müstəqildirlər, lakin İranın Azərbaycandakı səfirinin köməyi ilə bütün bu məsələlər ən yaxın vaxtda öz həllini tapacaq.
İranla poçt rabitəsi sahəsində əməkdaşlıq 2009-cu il martın 10-da Tehranda Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə İranın İnformasiya və Rabitə Nazirliyi arasında imzalanan memorandum çərçivəsində aparılır.
Bu gün Azərbaycan və İran STEFI (Secured Transfer of Electronic Financial Information) pul köçürmələri sistemini sınaqdan keçirir.
Azərbaycan və İran pul köçürmələri, beynəlxalq poçt göndərişləri, İran ərazisindən Naxçıvan Muxtar Respublikasına poçt göndərişləri və poçt markalarının birgə çap olunması sahəsində əməkdaşlıq haqqında ilkin sazişə malikdirlər.
Saziş ikitərəfli görüşlərin müntəzəm keçirilməsini nəzərdə tutur.
Məqaləyə dair fotomateriallar: