Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi operatoru taksofon rabitəsinin inkişaf konsepsiyasını hazırlayır. Bu barədə Trend-ə "Aztelekom"un mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov deyib.
İsmayılovun sözlərinə görə, hazırda operatorun strukturları taksofon parkının yenilənməsi üçün təkliflər hazırlayırlar və bu məsələ planlaşdırma mərhələsindədir. Bu məsələ ilə bağlı dünya təcrübəsi və mövcud taksofon parkının saxlanılması yolları öyrənilir.
"Hazırda "Aztelekom"un şəbəkəsində 285 ədəd taksofon fəaliyyət göstərir. Bunlardan 53 ədədi GSM standartında, 81 ədədi kartla və 151 ədədi köhnə tipli qurğularla işləyir", - o, bildirib.
"Aztelekom"un mətbaut xidmətinin rəhbərinin sözlərinə görə, taksofon rabitəsinin aktuallığı və gəliri azalan zaman xeyli investisiya tələb etməsinə baxmayaraq, rabitənin bu növünün inkişaf məsələsi gündəlikdədir.
Taksofon rabitəsinin inkişafını yubadan amillərdən biri əhalinin yüksək səviyyəli telefonlaşdırılması və mobil rabitənin 100 faizlik nüfuz səviyyəsidir.
"Taksofon rabitəsi öz aktuallığını itirməkdədir. Bu gün taksofon rabitəsindən çox az adam istifadə edir, odur ki, bu sektora böyük investisiyaların qoyuluşu məqəsədəuyğun deyil. Lakin bununla belə, taksofon parkının yenilənməsi məsələsi gündəlikdədir və bu istiqamətdə işlər görülür. Biz taksofon rabitəsinin alternativ inkişaf yollarını axtarırıq və bu aspektdə GSM və CDMA standartında işləyən universal kart taksofonlarının idarə edilməsinin vahid məkəzinin yaradılması imkanları müzakirə edilir", - İsmayılov vurğulayıb.
2010-cu ildə "Aztelekom"un şəbəkəsində taksofon rabitəsinin inkişaf məsələsi ikinci plana keçib. İsmayılovun sözlərinə görə, bu, operatorun maliyyə və insan resurslarının əsas hissəsi ötən ilin sonuna 100 faizə çatan ümumi istifadəli telefon şəbəkəsinin elektronlaşdırılmasına yönəlməsi ilə əlaqədar olub.
Onun sözlərinə görə, taksofon rabitəsinə tələbat təklifdən artıq olsa, sözsüz ki, bu işlər sürətləndiriləcək.