...

Azərbaycanın rabitə naziri ABŞ-ın "Stratfor" analitik mərkəzinin yaradıcısı ilə görüşüb

Telekommunikasiya Materials 19 Aprel 2011 18:45 (UTC +04:00)
ABŞ-ın "Stratfor" analitik mərkəzi Azərbaycan ilə iqtisadiyyatın bütün sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq etməyə hazırdır.
Azərbaycanın rabitə naziri ABŞ-ın "Stratfor" analitik mərkəzinin yaradıcısı ilə görüşüb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir H.Vəliyev/

ABŞ-ın "Stratfor" analitik mərkəzi Azərbaycan ilə iqtisadiyyatın bütün sahələrində, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq etməyə hazırdır. Bunu ABŞ-ın "Stratfor" analitik mərkəzinin yaradıcısı və icraçı direktoru Corc Fridman Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşündə deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı nazirliyin məlumatında deyilir.

Fridman bildirib ki, o, Azərbaycanda həyata keçirilən islahatları diqqələ izləyir və mərkəzin ölkə ilə qarşılıqlı faydalı şərtlərlə əlaqələrinin genişləndirilməsinə hazırdır.

Onun sözlərinə görə, hazırda ABŞ-dan olan bir sıra İT şirkətləri Azərbaycanda yeni layihələr həyata keçirirlər, gələcəkdə isə ABŞ şirkətləri respublikada yeni investisiya layihələrinin həyata keçirilməsi məqsədilə öz səylərini artıracaqlar.

Neftdən gələn gəlirlərin iqtisadiyyatın digər sahələrinə yönəldilməsini yüksək qiymətləndirən "Stratfor" fondunun rəhbəri qeyd edib ki, bu addım iqtisadiyyatın bütün sahələrinin dinamik inkişafı üçün əsas yaradacaq.

Bu il artıq dördüncü dəfə keçirilən informasiya texnologiyaları üzrə ABŞ-Azərbaycan biznes forumunu əməkdaşlığın genişləndirilməsinə xidmət edən tədbir kimi yüksək qiymətləndirən Fridman bəyan edib ki, bu ilin may ayında Los-Ancelesdə keçirilməsi planlaşdırılan bu tədbirdə şəxsən iştirak edəcək.

Son illər Azərbaycanın bütün sahələrdə dinamik inkişaf edərək, regionda lider dövlətə çevrildiyini diqqətə çatdıran nazir bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sektorunda da yüksək nailiyyətlər əldə edildiyini vurğulayıb, bu sahədə həyata keçirilən dövlət siyasəti, ölkə və region uçun mühüm əhəmiyyət kəsb edən genişmiqyaslı layihələr barədə məlumat verib.

Görüşdə nazir Abbasov Fridmanı noyabr ayında Bakıda keçiriləcək "BakuTel 2011" 17-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etməyə dəvət edib.

Xəbər lenti

Xəbər lenti