Azərbaycan, Bakı, 27 may /Trend, müxbir H.Vəliyev/
İnternet layihə və məhsulların yerləşdirilməsi üçün unikal imkanlar verir. Trend-in məlumatına görə, bu barədə cümə günü Day.Az portalının inkişaf üzrə direktoru Vladimir Mnoqoletni Trend BİA-da keçirilən "Internet DAY: İnternet səmərəli komminikasiya kanalı kimi" seminar-konfransda deyib.
"İstənilən inkişaf etmiş bazarda internetdən ölkə əhalisinin 70 faizi istifadə edir. Rusiyada bu say orta hesabla 40-50 faiz, Azərbaycanda isə, qiymətləndirmələrimizə görə, 30 faiz təşkil edir. Azərbaycanda internetdən istifadə edənlər bahalı mallar ala bilən təminatlı insanlardır və onlar reklamverənlər üçün daha maraqlı kateqoriyadır", - Mnoqoletni bildirib.
Onun sözlərinə görə, internet reklamı bazarda bütün reklam agetlərinə, onların yerləşdirildiyi meydançalardakı vasitəçilərə qazanmaq imkanı verir. Bu, standart reklam, mobil meydançalardakı reklam və daha dar seqmentli meydançalardakı reklamdır.
"Day.az portalı yaxın iki ildə baxılma həcminə görə, ümumilikdə Azərbaycanın bütün saytlarını ötə bilər", - Mnoqloletni qeyd edib. Hazırda portala gündəlik ziyarətin sayı orta hesabla 700-800 min təşkil edir. Bu, Azərbaycanda lider göstəricidir.
Bügünə portal orta hesabla 20 servis təqdim edir. Son dəfə təqdim edilənlərdən video servisidir. Mnoqoletninin sözlərinə görə, bu, yerli istifadəçilərə portalın serverlərində videoçarxlar yerləşdirməyə imkan verən Azərbaycanın "youtube"u olacaq.
"Portalın perspektiv planlarına videoreklamların yerləşdirilməsi daxildir. Biz əminik ki, bu yenilik Azərbaycanda da öz əksini tapacaq. Biz qanuni kontentlə kifayət qədər fəal işləmək niyyətindəyik", - Mnoqoletni bildirib.
Onun fikrincə, bütün bunlar gələcəkdə portalın sürətli artımına gətirib çıxaracaq. Proqnozlara görə, bu, cari ilin sonuna - gələn ilin əvvəlinə Azərbaycanın internet auditoriyasının 60 faizinə qədərini cəlb edə bilər. Hazırda bu göstərici təqribən 30 faizdir.